F.Alonso: Macarıstanda mübarizə aparmağa çalışacağıq

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Macarıstanda yenidən mübarizəyə qayıtmaq istəyirlər.

F-1.az xatırladır ki, Aston Martin Fernando Alonso ilə mövsümün ilk 8 yarışından 6 podium qazansa da, son iki yarışda çox çətinliklər yaşayıblar. Lakin əksəriyyət “yaşıllar”ın geriləməsinin səbəbini Avstriya və Britaniyadakı sürətli döngələrə bağlayır.

Macarıstanda isə yavaş döngələr üstünlük təşkil edir və bu, Aston Martin AMR23 üçün əlverişlidir. Buna görə də əksəriyyət onlardan yenidən podium gözləyir.

Karyerasının ilk qələbəsini 2003-cü ildə Macarıstandan qazanmış Fernando Alonso Hunqarorinqdə yenidən podium uğrunda mübarizəyə qayıtmağı hədəfləyir: “Silverstoundakı çətin həftəsonundan maksimum xalla ayrıldıq. Britaniyalı fanatların önündə yarışmaq və yeni bazamızda vaxt keçirmək gözəl idi.

İndi isə Budapeştə köklənməliyik. Hunqarorinqlə bağlı çoxlu gözəl xatirələrim var. Formula1-dəki ilk yarışımı 2003-cü ildə – düz 20 il əvvəl burada qazanmışdım və Macarıstanda tez-tez ad günümü qeyd edirəm. Bu il ad günümü Belçikada qeyd etmək qəribə olacaq, amma ümid edirəm ki, burada qeyd edəcəyimiz başqa şeylər də olar.

Burada ötmə etmək asan deyil, amma bəzən gözlənilməz hava şəraiti olur. Buna görə də belə hallardan istifadə edib, mümkün qədər çox xal qazanmağa hazır olmalıyıq”.

Bu il komanda yoldaşı Fernando Alonsodan çox geri qalan Ləns Stroll isə ümid edir ki, Hunqarorinq AMR23 üçün uyğun tras olar: “Hunqarorinq çoxdöngəli texniki trasdır. Həm sürücülər, həm də maşınlar üçün Silverstoundan fərqli mübarizə olacaq. Bura dar döngələri və yeganə düzlüyü ilə əsl kartinq trasını xatırladır. Buna görə də AMR23 üçün uyğun tras olmasını gözləyirik.

Burada ötmə etmək çətin ola bilər. Buna görə də şənbə günü güclü performans göstərmək üçün sərbəst yürüşlərdən maksimum istifadə etməliyik”.

Qeyd edək ki, Aston Martin son podiumunu Kanadada Fernando Alonso ilə qazanıb. İspaniyalı sürücü ondan sonra keçirilən Avstriyada 5-ci, Britaniyada 7-ci yerləri tutub.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*