F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm 6 yarışın 5-də podiuma yüksəlib və hazırda 93 xalla 3-cü yerdədir. İkiqat Dünya Çempionu bu həftə son qələbəsini qazandığı Barselonada yarışacaq.
Aston Martin komandası isə Barselonaya ilk böyük yenilik paketini gətirib. “Yaşıllar”ın bir hədəfi var: Qələbə! Komanda Monakoda Red Bull-un tempinə cavab verə bilsə də, bunun davamlı olub-olmayacağı müəmmalıdır, çünki Mercedes və Ferrari də Kataloniyaya böyük yeniliklərlə gəliblər.
Mercedes sıfır saydpod dizaynını zibil yeşiyinə ataraq, W14B deyəcəyimiz bir maşına keçib. Ferrari isə Barselonaya Red Bull tərzi saydpodlar gətirib. İki komanda da mübarizəyə qayıtmaq üçün əllərindən gələni edirlər.
Fernando Alonso: “Bəli, bəzi yeniliklərimiz var. Tam olaraq nə olduğunu bilmirəm. Onları FİA-nın yayımladığı sənədlərdə görəcəksiniz. Deyəsən ön qanadda bəzi dəyişikliklər var. Bundan başqa həmişə yeni detallar gətiririk. Bəziləri sadəcə traslar üçün xüsusi hazırlanır.
Hər yarışa ayrıca yanaşmaq gözəldir. Maşınımızda həmişə yeni detallar olur. Ən yaxşı komandaların templərinə cavab verməyə çalışırıq. Bu il gözləmədiyimiz qədər rəqabətədavamlıyıq. Buna görə inkişaf yarışında vacib addımlar atmalı və işləri sürətləndirməliyik.
Məsələn, Ferrari iki dəfə çox yenilik gətirir. Mercedes keçən yarış tamamilə yeni maşına keçdi və burada da yenilikləri var. Red Bull isə həm Bakıda, həm burada vacib yeniliklərə sahibdir. Hələ bu qədər sürətli olmadığımızı bilirik. Buna görə sadəlöhv olmalı, bazar günü işimizi görməyə davam edib, daha çox xal qazanmağa çalışmalıyıq.
İspaniyada qələbə çətindir. Red Bull-a çata biləcəyimizi düşünmürəm. Monako barədə danışırıqsa, bunu da deməliyik: Peres mübarizədən kənarda idi.
Sözün düzü, mövsümün əvvəlindən yaxşı fürsətlərimiz var idi, amma Monakoda daha yaxın idik. Sıralanma turunda onlara yaxın olsaq da, yarışda Red Bull-un real gücünü gördük. Maks Ferstappen Medium təkərlərdə əla temp tutdu.
İspaniyada ayağımıza bir fürsət gəlsə, dəyərləndirəcəyik, qmma hazırda Red Bull-a yaxınlaşdığımızı deyə bilmərəm”.
Qeyd edək ki, Alonso son qələbəsini 10 il əvvəl Kataloniyada qazanıb. O, keçən yarış Monakoda ikinci yeri tutaraq, 2014-cü ilin Macarıstan yarışından sonra ən yaxşı nəticəsini qazanmışdı.