F-1.az bildirir ki, ikiqat dünya çempionu AMR23-ün Ciddədə nə dərəcədə rəqabətədavamlı olacağını bilmir, lakin hər halda hücum etmək niyyətindədir.
Fernando Alonso: “Bu həftə sonu necə çıxış edəcəyimizi görəcəyik – trasa çıxana qədər dəqiq gücümüzü bilməyəcəyik. Ciddədəki tras Bəhreyndən bir qədər fərqlidir – daha sürətli döngələr var və uzun düzlərdə maksimum sürət lazımdır. Belə şəraitdə maşınımızın rəqabətədavamlı olub-olmadığını tezliklə öyrənəcəyik.
Bəhreyndə keçirilən yarışda bizim bolidimiz ikinci ən sürətli idi, ona görə də podiuma layiq idi, amma Ciddə və Avstraliyada nə olacağını bilmirəm. İlk üç mərhələdən sonra öz imkanlarımız haqqında daha yaxşı təsəvvür əldə edəcəyik.
Komanda ilk yarışdakı çıxışından razıdır, biz ikinci yarışda da hücuma hazırıq. Şübhə yoxdur ki, bizi qarşıda müəyyən çətinliklər gözləyir, lakin hər yarışda şəraitə uyğun hərəkət edəcəyik.
Trasda bəzi döngələrdə görmə qabiliyyətini yaxşılaşdıran dəyişikliklər var. Keçən ilki tələblərimizin hamısı dinlənilib və həyata keçirilib. Yarışçılar trasdakı dəyişikliklərdən məmnun ola bilərlər – sabah məşqlərdən sonra müsbət münasibətimizin davam edib-etməyəcəyini öyrənəcəyik”.