F-1.az xatırladır ki, Rosberq mövsümün ilk yarışından etibarən çempionatda lider idi, amma Macarıstan yarışından sonra Həmilton liderliyi ələ alıb və hazırda komanda yoldaşını 6 xal qabaqlayır.
Həmilton son 6 yarışın beşində qalib gəlib və Alonso düşünür ki, britaniyalı bu il çempionatın ən böyük favoritidir: “Həmiltonun vəziyyəti yaxşıdır. O özünə gəldi və geridönüş etdi. Əgər bu idman növündə siz gerilərdən gəlib rəqibinizə çatırsınızsa, deməli sizdə xüsusi istedad var. Üstünlüyü olan və lider olan sürücülər üçün işlər həmişə tərs gedir. Rəqibiniz sizə çatıb keçəndə isə böhrana düşürsünüz. Xal fərqi olmasa da, Həmilton çox güclü görünür və çempionluğa daha yaxındır”.
Fernando Alonso bildirib ki, Macarıstanda sıralanma turundakı vəziyyət ona 2007-ci ili xatırladıb.
Xatırladaq ki, 2007-ci ildə Alonso və Həmilton komanda yoldaşı olmuşdular və araları heç də yaxşı deyildi. İki sürücü arasındakı gərginlik Hunqarorinqdə pik nöqtəyə çatmışdı. Bunun da səbəbi Alonsonun Həmiltonu pitdə gecikdirməsi idi. Bu gecikdirmənin nəticəsində Həmilton sürətli dövrə ata bilməmişdi. Bu hadisədən sonra Alonso cəza almışdı və Həmilton pouldan başladığı yarışı qazanmışdı.
Builki yarışın sıralanma turunda isə Rosberq sarı bayraqlara baxmayaraq, göstəricisini yaxşılaşdıraraq, poul qazanmışdı və bu, yeni müzakirə yaratmışdı. Amma buna baxmayaraq Rosberqə cəza verilmədi.
Fernando Alonso bu həftəsonunun ona bəzi şeyləri xatırlatdığını deyib: “Bəli, bu mənə bəzi şeyləri xatırlatdı. Rosberqin komanda yoldaşı çox çətin rəqibdir. Trasda çox güclüdür, sürətlidir və heç səhv etmir. Trasdan kənarda da onun təsiri böyükdür. Rosberqə uğurlar arzu edirəm. Rosberq səhv etməməlidir”.