F-1.az xəbər verir ki, ilk 3 yarışı podiumda, Bakıdakı yarışı isə dördüncü yerdə başa vuran Fernando hazırda çempionatda üçüncüdür və uğurlu çıxışını davam etdirmək istəyir.
Fernando Alonso: “Mayamiyə qayıtmaq əladır! Bu, Formula1 yarışına ev sahibliyi etmək üçün əla yerdir və biz mövsümün ilk ABŞ Qran Prisinə getməkdən məmnunuq. Mən həmişə bu ölkəyə gəlməkdən həzz almışam və idman tədbirlərinin təşkilinə yerli yanaşmanı və azarkeşlərin həvəsini sevirəm.
Biz Bakıda komandanın 22 xal qazandığını gördük və bazar günü podiumdan az fərqlə geridə qaldığım gərgin həftəsonunu yenicə başa vurduq. Sazlanmalara vaxtımız az olsa da, maşın sürətli idi.
Mayami çox sıx döngələri və uzun düzlükləri olan sürətli trasa malikdir. Maraqlıdır, asfaltın tam dəyişdirilməsinin hansısa effekti olacaqmı – cümə günü bizim bunu anlamaq üçün çox vaxtımız olacaq.
Bakıdakı sürətimiz yaxşı idi və ümid edirəm ki, Mayamidə də oxşar nəticələri görəcəyəm. Məqsədimiz ən yaxın rəqiblərimizi məğlub etmək və azarkeşlər üçün gözəl şou göstərməkdir”.