F-1.az xatırladır ki, son həftələrdə radio danışıqlara qoyulan məhdudiyyət komandalar və sürücülər tərəfindən tənqid edilmişdi. Cümə axşamı Strateji İşçi Qrup Cenevrədə keçirilən və bəzi vacib qərarların qəbul edildiyi iclasda bu məhdudiyyəti aradan qaldırıb.
Fernando Alonso iclasda qəbul edilən yeni qaydalardan sonra tez-tez edilən dəyişikliklərin əsəblərini pozduğunu bildirib: “Artıq nə etsələr də, vecimə deyil. Bizə hər yarışda nə etməli olduğumuzu bildirirlər. Bəzi şeylərin hər yarışda dəyişildiyini görürük və indi demək olar ki, yenidən bir il əvvəlki qaydalara qayıtmışıq. Bu yarışda olmasa da, Belçika yarışından əvvəl yenə nəyisə dəyişməyə çalışacaqdılar, amma çempionatın gedişinə, rəqabətə baxanda görəcəklər ki, əslində heç bir şey dəyişilməyib. Vəziyyət daha da pisləşə bilərdi, ona görə də geriyə addım atdılar.
Eyni şeyi trasın limitləri barədə də demək olar. Əvvəl dedilər ki, müəyyən yerlərdə trasdan kənara çıxmaq olmaz. Sonra isə bunu maksimum 3 dəfə etməyə icazə verdilər. Sabah sıralanma turundan əvvəl komandamdan nə etməli olduğumu soruşaram, dediklərinə də əməl edərəm. Səhv addım atmaq istəmirəm”.