F.Alonso: “Ferrari-dən ayrılmağın vaxtı çatmışdı”

İkiqat dünya çempionu Fernando Alonso Ferrari-dən ayrıldığı üçün peşman olmadığını bir daha bildirib.

F-1.az xatırladır ki, ispan sürücü 2010-cu ildən 2014-cü ilin sonuna qədər Ferrari-nin tərkibində yarışmış, bu müddətdə iki dəfə dünya çempionluğuna çox yaxın olmuşdu. 2014-cü il istisna olmaqla, Ferrari bolidini idarə etdiyi hər mövsümdə azı bir dəfə qalib gələn Fernando 2015-ci ildə McLaren Honda-ya keçib və yeni komandasının tərkibində hətta podiuma belə yüksələ bilməyib. Sky Sports-a açıqlama verən Fernando zirvəyə qayıtmaq üçün çalışdığını bildirib.

Fernando Alonso: “Həyatda istədiyim hər şeyi əldə etmək, qazanmaq istəyirəm. Növbəti yarış – növbəti fürsət üçün gün sayıram. Təbii ki, vəziyyətimizə baxıb təəssüflənirəm. Bilirəm ki, komandada hamı narahatdır. Çünki mən də daxil olmaqla, hamı bir qədər istirahət etməkdən imtina edir”.

Flavio Briatore Monako Qran Prisi ərəfəsində verdiyi müsahibədə Fernandonun McLaren-ə keçidində özünü günahlandırmışdı. Fernando isə buna təəccüblənib: “Niyə belə dediyini bilmirəm. Bura keçməyim üçün çalışanlardan biri o idi. Komandanın son iki ildəki vəziyyəti yəqin ki, onu da məyus edir. Ümid edirəm ki, gələn il komanda onu da razı sala bilər”.

Fernando karyerası boyu verdiyi qərarlara görə peşman olmadığını bildirib: “Hər hansı bir anda nələrinsə bitdiyini hiss edirsinizsə, deməli, ayrılmaq vaxtı gəlib. O vaxt Ferrari-dən ayrılmalı olduğumu hiss etdim. Orada əlimdən gələni etdiyimi düşünürəm. Komanda ilə yaxşı vaxt keçirdim və əla nəticələr əldə etdim.

Mən iki dəfə dünya çempionu ola bildiyim üçün özümü şanslı hesab edirəm. Çünki olduqca istedadlı olmasına baxmayaraq, bu fürsəti əldə edə bilməyən insanlar var. Məsələn, Hülkenberq Avstriya yarışına ön sıradan başlayırdı və karyerasının ilk podiumunu qazanmağa ümid edirdi. O, çox istedadlı sürücüdür, lakin heç kimin sehirli çubuğu yoxdur. Bu, əlindəki imkanlarla  mümkün olmadı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*