F-1.az xatırladır ki, Alonso mövsümün ilk yarışı Avstraliyadan sonra bildirmişdi ki, karyerasının ən yaxşı yarışını keçirib.
35 yaşlı təcrübəli sürücü Çin yarışında da mükəmməl performans göstərərək, 6-cı yerə qədər yüksələ bilmişdi. Amma sonradan Sayns və Bottasın hücumlarına tab gətirə bilməyən ispaniyalı sürücü 8-ci yerə qədər geriləsə də, xal alma ehtimalı yüksək idi. Ancaq Alonso yarışın 31-ci dövrəsində etibarsızlıq probleminə görə növbəti dəfə yarşı vaxtından əvvəl bitirməli olub.
Fernando Alonso: “Düşünürdüm ki, Avstraliyadakı performansımı yenidən təkrar edə bilmərəm, amma bu gün yenidən mükəmməl iş görə bildim. İlk dövrələr çox çətin idi. Rəqiblərim sağa-sola sürüşərək yer qazanmağa çalışırdılar. Biz də bu qarışıqlıqdan maksimum istifadə etdik. Yaş trasda zəifliyimiz o qədər də hiss olunmurdu və buna görə də uzun müddət onluqda gedə bildim. Əgər yarışı bitirə bilsəydim, Peres və ya Maqnussen ilə xal uğrunda mübarizə aparardım. Ümid edirəm ki, Bəhreyndə problemsiz yarış çıxardarıq. İlk yarışda da etibarsızlıq probleminə görə xalsız qaldıq. Bunun sonuncu dəfə olmasını istəyirəm”.