F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu yarışa 13-cü yerdən başlasa da, yaxşı start ilə 10-cu yerə yüksələ bilib və yarışın sonuna qədər yerini qoruya bilib. Amma asılqanda problem yarandığı üçün həm Okon, həm də Hülkenberq onu rahatlıqla keçə biliblər. Alonso bildirib ki, zəif bolidlə xal uğrunda mübarizə aparmasına görə təəccüblənib: “O ana qədər böyük ehtimalla həyatımın ən gözəl yarışı idi. Bolidim rəqabətədavamlı deyil. Qışda yaxşı hazırlaşa bilmədiyimiz üçün yanacağa qənaət etməli olduq. Buna görə də hər dövrəyə 1 saniyə itirirəm. Buna baxmayaraq, xal zonasında idim. Bu böyük sürpriz idi, ancaq yarışı həmin yerdə bitirə bilmədik. Lakin ən yaxşı yarışlarımdan biri oldu.
Bu formada bir neçə yarışımız ola bilər. Sıralanmada 13-cü olub, yarışda xal uğrunda mübarizə aparmaq növbəti yarışlarda mümkünsüz olacaq. Bu trasda sürmək çətindir. Çox dar və kələ-kötürdür. Burada təcrübə lazımdır. Normal vəziyyətimiz daha pisdir. Buna görə də tez inkişaf etməliyik. Əks halda çox məyus olacağıq. Əgər komanda yaxşı işləməsə, Stofellə mənim xal qazanmağımız çətin olacaq”.