F-1.az xatırladır ki, ispaniyalı sürücü yaşadığı ERS probleminə görə yarışa başlaya bilməmişdi. Xatırladaq ki, 35 yaşlı sürücü bu mövsümün 4 yarışından heç birində finişə çata bilməyib.
Fernando Alonso: “Qızdırma dövrəsinə başlayanda bolidin gücü yox idi. Təbii ki, məyusedicidir, amma əlimdən heç nə gəlmirdi. ERS-i yenidən işə salmaq üçün sükanda bəzi şeyləri dəyişdirməyimi istədilər, amma işə yaramadı və dövrənin sonunda yolda qaldıq. Bu dəfə heç yarışa da başlaya bilmədik. Özümü pis hiss edirəm. Hamımız yarışda olmaq istərdik, ancaq bu cür şeylər ola bilər. Nəticədə bu bir idmandır. Belə olan halda əlinizdən nə gəlir? Bu, bizim əlimizdə olan şey deyildi.
Problem barədə bir söz deyə bilmərəm, amma güc qurğusu ilə bağlı olduğunu bilirəm. Ümid edirəm ki, problemi qısa müddət ərzində taparıq. Bu il hələ bir yarışı da bitirə bilməmişik. Artıq bəzi şeyləri təkmilləşdirməliyik”.