F-1.az xatırladır ki, Alonso Avstraliyada ölümcül qəza keçirmişdi və bundan sonra FİA-nın tibbi komissiyası ispaniyalı sürücünü Bəhreyndə yarışa buraxmamışdı.
Yarış həftəsonunda Ron Dennis FİA-dan Alonso üçün yenidən tomoqrafiya müayinəsi tələb etmişdi və bildirmişdi ki, Alonso yarışa bilər. Qeyd edək ki, Fernando Alonso bu həftənin dördüncü günü yenidən tibbi komissiyadan keçəcək. İspaniyalı yarışa hazırlaşsa da, onun necə vəziyyətdə olduğu bilinmir.
Fernando Alonso: “Bəhreyndə yarışa bilməyəcəyimi eşidəndə məyus oldum. Amma FİA-nın tibbi komissiyasının qərarına hörmət edirəm.
Mən cümə günü yenidən bolidimə oturmaq istəyirəm, amma əvvəlcə həkimlərin razılığını almalıyam və proqnoz vermək istəmirəm. Ancaq yarışa hazırlanıram”.
Bəhreyndə Alonsonu Stoffel Vandorn əvəz etmişdi və 10-cu yeri tutaraq komandasına builki ilk xalını qazandırmışdı. Belçikalı sürücü hər ehtimala qarşı Çinə gətirilibdir.
McLaren-in idman direktoru Erik Bulye bu barədə danışıb: “Fernando həmişəki kimi evində dincəlir və məşq edir. Biz onu yenidən sükan arxasında görmək istəyirik.
Nə qərar çıxsa, onu qəbul edəcəyik və planımızı qərara görə quracayıq”.