F-1.az xatırladır ki, Alonso 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titullarını qazanıb. 35 yaşlı sürücü bildirib ki, onun ən yaxşı mövsümü 2012-ci il olub. 2014-cü və 2016-cı il mövsümlərində göstərdiyi performans isə 2012-ci ildəki performansından sonra gəlir.
Fernando Alonso: “2012-ci il ən yaxşı mövsümüm idi. Ondan sonra 2014-cü il gəlir. Podiumun son pilləsində isə 2016-cı il qərarlaşır. Boliddə özümə çox güvənirəm və özümü yaxşı hiss edirəm. Braziliyada son 10 dövrədə 14 dövrəlik təkərlərlə getsəm də, özümü rəqabətədavamlı hiss edirdim. Belə olan halda limitdə sürə bilirəm”.
Alonso bildirib ki, komanda yoldaşı Battona qarşı göstərdiyi performansdan razıdır: “Censon güclü sürücüdür. Keçən il bunu gördüm. Bu il onu əksər hallarda qabaqladım. Buna görə də düşünürəm ki, bu il əla performans göstərmişəm. Uğurlarımızdan və komanda olaraq göstərdiyimiz inkişafdan razıyam.
Hər şey çox dəyişib. 12 ay əvvəl Əbu Dabidəki son yarış bitdikdə məyus idik. Çox şey barədə düşünürdük. Amma bu il daha yaxşı vəziyyətdəyik. Çempion olmaq üçün çox işləməliyik, amma keçən ilə nisbətən daha sevincliyik”.