F-1.az xatırladır ki, britaniyalı komanda builki əsas yenilikləri İspaniya Qran Prisinə gətirmiş və Fernando Alonso bu mövsüm ilk dəfə sıralanma turunda son sessiyaya qalmışdı. İspaniyalı sürücü yarışın startındakı insidentlərə görə 11-ci yerə geriləsə də, daha sonra göstərdiyi gözəl performansla 8-ci yeri tuta bilib.
Fernando Alonso: “Yeniliklər bizi orta qrupda daha yaxşı vəziyyətə gətirdi. Məncə, Renault və Haas-a çatmışıq. Amma zirvədəki 3 komanda bolidlərini eyni tempdə təkmilləşdirməyə davam edirlər. Heyif ki, fərq davam edir.
Rəqiblərimizi startda keçmək planlarımız var idi, çünki SuperSoft təkərlərlə başlamışdıq və pit-stopa tez getməli idik. Amma startdakı insidentin ortasında olduğumuz üçün yer itirdik. Xal almağın mümkünsüz olduğunu düşündüm. Ötmə etmək çox çətin idi. Uzun müddət Leklerin arxasında qaldım. Hücum etmək üçün düzlüklərdə sürətimiz azdır. Bunun üzərində işləyirik. Bolidimizin zəif yönlərini bilirik. Ümid edirəm ki, tezliklə həll edərik. Yarışda fanatların alqışlarından çox göydəki buludlara fokuslanmışdım. Bəzi döngələrdə qara buludlar var idi. Yağışın bizə kömək edəcəyini düşünsəm də, sona qədər yağmadı”.