F-1.az xatırladır ki, Alonso 90 dəqiqəlik sessiyanın 35 dəqiqəsini ERS-dəki təzyiq probleminə görə qarajda keçirib. Alonso FOM-un kamerasının arxasına keçərək, əyləncəli dəqiqələr keçirib.
Fernando Alonso: “Azarkeşlər sürətli bolidlər görmək istəyirlər. Bolid önlərindən keçəndə ağızlarının açıq qalmasını istəyirlər. Bu gün 30 dəqiqə ərzində trasdan kənarda idim və yuxuya getdim. Şükürlər olsun ki, bu kamera ilə stolu tapdım. O olmasaydı, izləyə bilməzdim. Tribunadan bizə baxan insanlara pul ödəməliyik”.
Alonso kamera ilə etdiyi çəkilişin yayımlanması ilə əylənib və bildirib ki, texnologiyanı yaxından izləməlidir: “Texnologiyanın sürətini izləməli və coystik istifadə etməyi öyrənməliyəm. Çox həssas görünürlər. Radiodan mənə dedilər ki, Peresin gəldiyi anı çəkim və onu yayımlaya bilərlər. Peresi tapmaq üçün əlimdən gələni etdim, amma ya göyü çəkdim, ya da asfaltı. Kamera ilə pis performans göstərdiyim üçün məyusam. Sabah bolidin dayanma ehtimalını düşünərək, Porsche Cup-da kamera arxasına keçib, bir az məşq edəcəm. Heyif ki, ikinci sərbəst yürüşlərdə problem yaşadıq, amma hadisəyə zarafatyana yanaşmaq istədim. Ümid edirəm ki, sıralanma turunda problem yaşamarıq”.