F-1.az xatırladır ki, Formula1-dəki şounu daha da yaxşılaşdırmaq üçün texniki reqlamentdə dəyişikliklər edilib və yeni mövsümdəki bolidlər aerodinamik cəhətdən daha güclü olacaqlar.
Yeni bolidlər ilk dəfə fevralın 27-də Barselonadakı qış testlərində trasa çıxıblar. Azarkeşlər bu bolidlərdən razı qalıblar.
Fernando Alonso da həmişə müsahibələrində köhnə bolidlər üçün darıxdığını deyirdi. Belə görünür ki, ispaniyalı sürücü yeni bolidləri bəyənib: “Bolidlər gözəl görünür. Döngələrdə artıq daha sürətliyik və yüksək asfaltayatma qüvvəsini yenidən hiss edirik. Bunun hesabına bolidi limitlərdə sürə bilirik. Bunu görmək gözəldir. Çox xoşbəxtəm. Bəzi bolidləri yan-yana gördüm. Çox gözəl idilər. İdmanın düzgün tərəfə getdiyini görmək gözəldir. Son 5-6 il ərzində eybəcər bolidləri izləməli olan fanlara görə məyusam.
Amna emosiyalarımız heç vaxt 2004-cü və 2005-ci ildəki kimi olmayacaq. Çünki o vaxtlar komandalar aerodinamika cəhətdən daha sərbəst idilər. Mühərriklər çox fərqli və yüngül idilər. Hazırda sahib olduğumuzdan 130 kiloqram, yarışda isə 230 kiloqram yüngül idilər. Buna görə də hazırkı dövrlə o dövrü müqayisə etmək doğru deyil. Əgər indiki təkərləri 2004-cü ilin bolidinə qoysaydıq, zaman nəticələri Barselonada 74 saniyəyə qədər düşərdi. Bu çox fərqlidir.
Bolidləri bəyəndim. Bu bolidlər Formula1 bolidlərinə bənzəyir. Çox gözəldirlər. Bu hissi yarışa gələn fanlara, televiziya qarşısında bizi izləyənlərə yaşatmaq istəyirik. Bunun hesabına son illərdə gördükləri şeyləri unuda bilərlər”.