F-1.az xatırladır ki, Fernando Alonso Avstraliya yarışında qəza etmişdi və qabırğası sınmışdı. İspaniyalı sürücü zədəsinə görə Bəhreyn yarışını buraxmalı olmuşdu.
Alonso Çində birinci sərbəst yürüşlərdən sonra FİA-nın tibbi müayinəsindən keçib və yarışmasına icazə verilib, amma ispaniyalı sürücü etiraf edib ki, qabırğasındakı sınıq onu incidir: “Özümü yaxşı hiss edirəm. 26 gündən sonra sükan arxasına keçdiyim üçün xoşbəxtəm. Biz rəqabətədavamlı olmasaq da, gördüyüm işi və yarışmağı sevirəm.
Bir az ağrıyıram, çünki sınan qabırğam hələ tam sağalmayıb. Bunun ağrıması normal haldır və yarışa bu ağrını unudaraq çıxacam.
Burada sağa döngələr çoxdur, bu da yaxşı hal deyil. Bolidin içində olmağım böyük risk deyil və bu yaxşı xəbərdir”.
Alonso bildirib ki, diqqətli olmalıdır və əlavə edib ki, sınıq sümüyünə görə qoruyucu paltar geyinməyəcək: “Bolidə oturanda və düşəndə diqqətli hərəkət edirəm. Səhv hərəkət edib, sümüklərimi yenidən zədələmək istəmərəm.
Vəziyyətim yaxşıdır. Bolidin oturacağı bədənimi qucaqlayır və bolidin içində hərəkət edə bilmirəm.
Ancaq bu Formula1 bolididir və ona görə də sərtdir. Bütün porebrikləri və qabarları hiss edirsiniz. Bu pisdir, amma yarışacağım üçün xoşbəxtəm”.