Əsl mövsüm başlamadı, amma “axmaq mövsüm” başladı

Bəzi iddialara görə Ferrari artıq Sebastyan Fetteli göndərmək istəyir. Daha doğrusu italyanlar elə maaş təklif edib ki, dördqat Dünya Çempionu üçün gülməli rəqəmdir. Almaniyalı sürücünün maaşını 27 milyon dollardan 12 milyon dollara salıblar və Fettel bu müqaviləni qəbul etməyib.

Əslində bu hal gözlənilən idi. Dördqat Dünya Çempionunun son illərdəki adına yaraşmayan səhvləri bu prosesi sürətləndirdi. İndi isə keçək 32 yaşlı sürücünün yerinə adları çəkilən namizədləri dəyərləndirməyə…

Fettel getsə, yerinə 3 əsas namizəd var – Daniel Rikkardo, Karlos Sayns, Antonio Covinatsi.

Daniel Rikkardo – Ferrari-yə gəlmək onunçün hazırda yaxşı ola bilər, çünki hazırda titul qazanmasa belə, çempion sürücü kimi etibar görən avstraliyalı pilot, Ferrari ilə qazanacağı bir titul ilə özünü idman tarixinin unudulmazlarından biri edə bilər. Bal porsuğu ləqəbli sürücünün artıq 31 yaşı olur və çempionluq əldə etmək üçün onun əlinə artıq az fürsət düşəcək. Amma burada bir problem var – Pyero Ferrari bu günlərdə açıqlama verdi ki, bizim hazırkı hədəfimiz Lekleri çempion etməkdir. Bax, bu əsl problemdir. Rikkardo 2018-ci ildə bu cür hadisəyə görə Red Bull-dan ayrılmışdı. Orada da komanda daha gənc olan Ferstappeni önə çəkirdi və Dani bu səbəbdən Renault-ya getməli olmuşdu. İndi yenidən niyə fərqli kombinezon rəngi ilə eyni situasiyanın içinə qayıtsın? Buna görə də düşünürəm ki, Rikkardo Ferrari-yə gəlsə belə, müqaviləyə bu barədə bəndlər qoyduracaq. Əgər Ferrari Rikkardo-Lekler cütünü bərabər statusda yarışdırsa, ikisi arasında ədalətli mübarizə olacaq. Çünki Daniel daha əvvəl komanda yoldaşları ilə heç bir insident yaşamayıb və əsl komanda oyunçusu olduğunu isbatlayıb

Karlos Sayns da əsl komanda oyunçusudur. Onun da daha əvvəl komanda yoldaşları ilə problem yaşadığını görməmişəm. İlk podiumunu keçən ilin Braziliya yarışında qazanan Saynsın artıq 26 yaşı var və o da gücünü top komandada sınamaq istəyir. Ancaq inanmıram ki, ispaniyalı sürücü Ferrari-yə ikinci sürücü kimi gəlsin.

Ferrari əgər sırf ikinci pilot istəyirsə, ən yaxşı variantlar Antonio Covinatsi,  Valtteri Bottas, Niko Hulkenberq və Kimi Rəykkönendir.

Ferrari öz tarixinin son Dünya Çempionu Kimi Rəykköneni gətirib bir il yarışdırıb, sonra Covinatsini onun yerinə keçirə bilər. Ona qədər italiyalı sürücü Alfa Romeo ilə bir az təcrübə toplayar. Antonio əslində keçən il pis nəticə göstərməmişdi. Sıralanma turunda Dünya Çempionu olmuş komanda yoldaşı Rəykköneni 8 dəfə məğlub etmişdi. Əslində debutant sürücü üçün heç də pis nəticə deyil. Kimi Rəykkönenin Alfa Romeo komandasında səhmləri olduğunu düşünsək, hətta, mükəmmələ yaxın nəticədir.

Belə bir variant da var – Mercedes növbəti mövsüm üçün gənc sürücüsü Corc Rasseli transfer etsə, Valtteri Bottas boşda qalacaq. Finlandiyalı sürücü Ferrari-nin istədiyi əsl ikinci adamdır. Adam Rubens Barrikello və Felipe Massanın az emosional, az danışan – yəni ki, şimallı – versiyasıdır.

Son variantım isə Niko Hulkenberqdir. Keçən ilin sonunda Renault-dan ayrılan və özünə komanda tapa bilməyən almaniyalı sürücü yarışmaq üçün istənilən müqaviləyə imza atar. Hələ bu müqaviləni Ferrari təklif edirsə…

Uzun sözün qısası, əsl mövsüm başlamasa da, söz-söhbətlərlə dolu “axmaq mövsüm” bütün həyəcanı ilə başladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*