Ən ölümcül 7 yarış trası

Harada sürət varsa, orada təhlükə hər zaman var. Bir neçə onilliklər əvvələ gedəndə görürük ki, yarış trasları hər dəfə sürücülərin ölümlə mübarizəsinə səhnə olurdu.

Bu gün bir çox avtodrom müasir təhlükəsizlik tədbirləri nəticəsində əvvəlki qədər təhlükəli deyil. Amma istənilən halda oralarda baş vermiş qəzaların və ölümlərin qorxulu statistikası əbədi olaraq qalacaq.

F-1.az bugünə qədər ən çox ölüm halı baş vermiş 7 trası (azdan çoxa doğru) təqdim edir.

7. Sarta

Sarta hər il 24 saatlıq Le Man marafonunun keçirildiyi dünyanın ən ikonik traslarından biridir. Uzun illər ərzində bir çox dəyişikliklərə məruz qalıb. Zamanla ona yeni döngələr, yaxınlıqdakı “Buqatti” avtodromunun bir hissəsi və əfsanəvi Myulsann düzlüyünü bölən iki şikana əlavə edilib.

Maşınların hər il daha da sürətlənməsi, trasdakı təhlükəsizlik tədbirlərinin texnologiyanın inkişafından geri qalması onun hər dəfə daha yaxşı vəziyyətə gətirilməsi üçün çalışmaları labüd edib. 24 saatlıq marafonun özünəxas xüsusiyyətləri isə hər şeyi daha da təhlükəli hala gətirib – yarış üçün uzun sayılan zaman kəsimində havanın dəyişkənliyi, gecə saatlarında zəif işıqlandırma, maşınların və hissələrin aşınması, saatlarla davam edən yorucu təqib.

Bu marafonlar zamanı Sartada indiyə qədər 23 pilot həyatını itirib. Eyni zamanda, həlak olan xeyli tamaşaçı var. Avtoidmandakı ən böyük faciə də məhz burada baş verib. 1955-ci ildə Pyer Levaqın idarə etdiyi maşın qəzadan sonra tamaşaçıların olduğu yerə yönəlib, özü də daxil olmaqla, 84 nəfər ölüb.

Bu qəzadan sonra təhlükəsizliyə dair tələblər yenidən nəzərdən keçirilib və illər ərzində bir çox işlər görülüb. Lakin təəssüf ki, ölümlərin qarşısını tam almaq olmayıb. Burada ölümlə nəticələnən son hadisə cəmi 9 il əvvəl, yəni 2013-cü ildə baş verib.

 

6. Daytona

Daytona avtodromu amerikalılar üçün müqəddəs hesab edilir. Burada Nascar seriyası üçün İndy 500-ün analoqu sayılan Daytona 500 yarışları ba tutur. Bu gün Daytonada müxtəlif yarışlar üçün nəzərdə tutulan bir neçə konfiqurasiya var – ənənəvi oval konfiqurasiya Nascar yarışları üçün, qısa tras motosiklet yarışları üçün, digər konfiqurasiyalar isə müxtəlif maşın yarışları üçün nəzərdə tutulub.

Bununla belə, Daytona trası ABŞ-ın ən təhlükəli trası kimi qeyri-rəsmi ada malikdir. Sürücülər oval trasda ayaqlarını qazdan demək olar ki, çəkmirlər, çox iştirakçının olduğu yarışlarda da bu xüsusi təhlükə yaradır. Burada indiyə qədər 39 sürücü həlak olub ki, ölümlü qəzalardan 12-si məhz Nascar yarışlarında baş verib.

 

5. Spa-Frankorşamp

Bu əfsanəvi tras 1979-cu ilə qədər bugünkündən kəskin fərqlənirdi. Böyük bir hissəsi ictimaiyyətə açıq yollardan ibarət idi və sürücülərin dayanmadan artırdığı sürətlərə uyğun deyildi. Bir çox ictimai subyekt də yarışa mane olurdu. Məsələn, 1966-cı ildə Ceki Stüartın maşını teleqraf dirəyinə çırpılmışdı ki, bunun hətta Monte Karloda belə baş verəcəyini təsəvvür etmək çətindir. Buradakı yox səviyyəsində olan təhlükəsizlik 1969-cu ildə sürücülər tərəfindən boykota səbəb olub. Formula1 çempionatı Arden dağlarının ətəklərinə qayıdıb və uzun müddət Spa ilə vidalaşıb – növbəti 13 ildə Belçika Qran Prisini Zolder və Nivel-Boler trasları qəbul edib.

Burada genişmiqyaslı müasirləşdirmə işləri 1979-cu ildə başa çatıb. Trasın uzunluğu 2 dəfə azaldılaraq 7 kilometrə endirilib. Lakin təəssüf ki, yenilənmələr belə ölümlü qəzalara mane ola bilməyib. 1985-ci ildə avtoidmanın parlayan ulduzu Ştefan Belof məhz buradakı 1000 km-lik yarış zamanı həyatını itirib. Sonuncu faciəvi epizodu isə hamımız yaxşı xatırlayırıq – cəmi 3 il əvvəl Antuan Uber F2 yarışı zamanı baş verən qəzada həlak olub. Gənc sürücü burada həlak olan 48 pilotun hələ ki, sonuncusudur…

 

4. Montsa

“Sürətin məbədi” elə ilk başdan bu statistikaya düşməyə məhkum olub – uzun düzlükləri hər zaman sürücülərə başgicəlləndirici sürətlər əldə etməyə imkan verib, əvəzində isə təhlükəsizlik heç də arzulanan səviyyədə olmayıb. Bir ara trasın oval hissəsindən istifadə edilirdi, lakin 1961-ci ildə Volfqanq fon Tripsin ölümcül qəzasından sonra (baxmayaraq ki, qəza trasın həmin hissəsində baş verməmişdi) oval konfiqurasiyadan imtina edildi. Həmin qəzada Tripslə yanaşı, 15 azarkeş də ölmüşdü.

Bu hadisədən 9 il sonra Yoxen Rindt parabolikada dünyasını dəyişəcək və mövsümün sonunda çempion olduğunu bilməyəcəkdi. Rindtin qəzasından sonra bu sürətli trasın şikanalarla yavaşıldılmasına cəhdlər edilib, lakin avtodrom sonrakı illərdə də can almağa davam edib. 1978-ci ildə İtaliya Qran Prisinin startını xatırlamaq kifayətdir – qəzada yanan Ronni Peterson növbəti gün vəfat etmişdi. Montsanın pilot qurbanlarının sayı isə 52-dir…

 

3. İndianapolis

“Qədim kərpic ustası” qərb yarımkürəsinin ən qanlı avtodromu kimi tanınır – bir əsrdən çox tarixi ərzində 56 pilotun can verdiyi yerə çevrilib ki, bu saya marşallar və azarkeşlər daxil deyil. qəzaların əksəriyyəti də İndy 500 yarışında baş verib. Burada həlak olanlar arasında İndianapolis-500 yarışının ikiqat qalibi Bill Vukoviç də var.

Daytonada olduğu kimi, burada da qəza və ölüm saylarına yüksək sürət və iştirakçı sayının çoxluğu səbəb olub. Ümumiyyətlə, oval traslar təhlükəsizlik baxımından qətiyyən əlverişli deyil və adi bir səhv zəncirvari qəzalara səbəb ola bilir…

 

2. Nordşlyaf (Şimal İlməsi)

Şimal İlməsində 3 dəfə qalib gələn Ceki Stüart buranı belə təsvir edir: “Qorxmamısızsa, deməli kifayət qədər sürətli getməmisiz”. Nordşlyaf dünyanın ən çətin və tələbkar trası hesab olunur. Demək olar ki, uzun düzlüklər yoxdur və 22 km-lik tras süürücülərdən maksimum diqqət tələb edən ardıcıl döngələrdən ibarətdir. Təhlükəsizlik məsələsi burada hər zaman aktual olub, çünki uzun müddət demək olar ki, hər il burada hansısa pilot və ya pilotlar son nəfəslərini veriblər. 1970-ci ilin statistikası dəhşətlidir – 6 ay ərzində 6 ölümcül qəza. Məhz elə həmin il sürücülər burada yarışmaqdan imtina edib və Almaniya Qran Prisi Hokkenhaymda baş tutub.

Təhlükəsizlik məsələsində atılan bir sıra addımlardan sonra çempionat növbəti ilə yenidən Şimal İlməsinə qayıdıb. Lakin yenə də hər şey həll olunmayıb. 1976-cı ildə Niki Laudanın alovlar arasından möcüzəvi şəkildə sağ qurtulduğu o məşhur qəza baş verir ki, bu da səbrləri daşıran son damla olub. Formula1 çempionatı bir daha ora qayıtmayıb. Bugünə qədər 69 sürücü üçün buradakı mübarizə ölümlə başa çatıb…

 

1. Men adası trası

100 ildən çoxdur ki, Men adasındakı ictimai yollarda dünyanın ən çılğın və təhlükəli yarışları keçirilir. Hər il planetin ən cəsarətli motosikletçiləri Isle of Man TT yarışı üçün İrland dənizində yerləşən bu adaya üz tutur. Heç bir təhlükəsizlik tədbirlərinin görülmədiyi ictimai yollarda keçirilən yarışda sürətlər 300 km/saat həddini aşır.

İndiyə qədər burada 265 sürücü həlak olub. Ən pisi də odur ki, motosiklet texnologiyası inkişaf etdikcə ölümlü qəzaların sayı da artır. son illərdə baş tutan demək olar ki, bütün yarışlar bir neçə insanın ölümü ilə nəticələnib. Bütün bu faciələrə baxmayaraq, heç kim yarışı ləğv etmək barədə düşünmür. Bu yarış kiçik ada üçün böyük məna kəsb edir və yaşanmış ölüm hadisələri sürücüləri qorxutmur…

 

 

, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*