F-1.az xatırladır ki, həmin tək sərbəst yürüş sessiyasında Şarl Lekler hamını üstələyib.
Sıralanma turu başlamazdan əvvəl tras quruyub. Lakin slikləri isitmək heç də asan olmayıb və ardıcıl dövrələrə ehtiyac duyulub.
İlk Sessiyada Fettel, Alonso, Stroll, Çjou, Okon və Bottas yumşaq təkərlərlə, yerdə qalan sürücülər isə keçid təkərlərlə trasa çıxıblar. Daha sonra hamı quru təkərlərinə keçib. Elbonun arxa sağ əyləci mexaniklərin səhvinə görə çox qızıb və alışıb. Qırmızı bayraqlar dalğalanıb. Sürücü maşını boksa çatdırıb və mübarizədən çəkilib. Marşallar yanan parçaları yığışdırıb, 10 dəqiqəlik fasilədən sonra yaşıl işıqlar yanıb. Latifi yerində fırlanıb. Trasın vəziyyəti getdikcə düzəlib və əsas nəticələr son dəqiqələrdə gəlib. 1:18.796-lıq dövrə Lekleri lider edib, Elbonla yanaşı, Okon, Latifi, Qasli və Tsunoda son beşlikdə qərarlaşıblar.
İkinci Sessiyada səma buludla örtülüb və hamı trasa çıxmaq üçün tələsib. Yenə qırmızı bayraqlar peyda olub – Sayns 18-ci döngədə qəza edib və mübarizə onun üçün də erkən başa çatıb. Fasilə 10 dəqiqə davam edib. Yağış yağmağa başlayıb. Əksər sürücülər bokslarda qalmağa üstünlük veriblər. Bir neçə sürücü keçid təkərlərlə trasa çıxsa da, nəticələri inkişaf etdirə bilməyib. Ferstappen 1:18.793 ilə ən yaxşı nəticəyə sahib olub, Stroll, Çjou, Həmilton, Şumaxer və Rassell həlledici mərhələyə keçə bilməyib.
Son sessiyada hamı keçid təkərləri ilə trasa çıxıb. Ferstappen trasdan çıxıb, lakin yoluna davam edə bilib. Hər kəs sürətli dövrəsində olarkən çınqıllığa düşən Maqnussen növbəti qırmızı bayraqlara səbəb olub. O trasa qayıdıb və maşını boksa çatdırıb, buna görə də, fasilə qısa olub. Alonso ilk sektorda ən yaxşı nəticə ilə getsə də, ikinci sektorda səhvə yol verib. Qırmızı bayraqları dördüncü dəfə dalğalandıran isə Valtteri Bottas olub. Onun maşınının təxliyəsi 14 dəqiqə çəkib. Bundan əvvə isə Ferstappen günün ən həlledici dövrəsini vurub – 1:27.999. Yaşıl bayraqlardan sonra hamının yalnız bir cəhd üçün vaxtı olub, lakin heç kim nəticəsini yaxşılaşdıra bilməyib. Norrisin sonlara yaxın 13-cü döngədəki qəzasından sonra sıralanma turunun davam etdirilməməsinə qərar verilib.
Beləliklə, Maks Ferstappen mövsümdə ilk, karyerasında isə 14-cü poulunu qazanıb. İkinci yeri Şarl Lekler, üçüncü yeri isə Lando Norris tutub. Kevin Maqnussenin dördüncülüyü isə Haas komandasının tarixində ən yaxşı sıralanma turu nəticəsidir. Lakin unutmayaq ki, bazar günü baş tutacaq əsas yarışın start düzümünü sabahkı sprint yarışı müəyyən edəcək…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 1 | Maks Ferstappen | Red Bull | 2 | 1:19.295 | 11 | 1 | 1:18.793 | 3 | 1:27.999 | 8 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:18.796 | 10 | 5 | 1:19.584 | 4 | 1:28.778 | 8 |
3 | 4 | Lando Norris | McLaren | 8 | 1:20.168 | 10 | 3 | 1:19.294 | 5 | 1:29.131 | 7 |
4 | 5 | Kevin Maqnussen | Haas | 7 | 1:20.147 | 11 | 7 | 1:19.902 | 3 | 1:29.164 | 7 |
5 | 14 | Fernando Alonso | Alpine | 9 | 1:20.198 | 12 | 6 | 1:19.595 | 6 | 1:29.202 | 8 |
6 | 3 | Daniel Rikkardo | McLaren | 6 | 1:19.980 | 11 | 9 | 1:20.031 | 3 | 1:29.742 | 7 |
7 | 11 | Serxio Peres | Red Bull | 5 | 1:19.773 | 12 | 4 | 1:19.296 | 5 | 1:29.808 | 8 |
8 | 77 | Valtteri Bottas | Alfa Romeo | 13 | 1:20.419 | 13 | 10 | 1:20.192 | 5 | 1:30.439 | 5 |
9 | 5 | Sebastyan Fettel | Aston Martin | 11 | 1:20.364 | 12 | 8 | 1:19.957 | 6 | 1:31.062 | 7 |
10 | 55 | Karlos Sayns | Ferrari | 3 | 1:19.305 | 10 | 2 | 1:18.990 | 3 | – | 0 |
11 | 63 | Corc Rassell | Mercedes | 12 | 1:20.383 | 13 | 11 | 1:20.757 | 3 | ||
12 | 47 | Mik Şumaxer | Haas | 14 | 1:20.422 | 13 | 12 | 1:20.916 | 3 |
||
13 | 44 | Lyuis Həmilton | Mercedes | 15 | 1:20.470 | 12 | 13 | 1:21.138 | 3 |
||
14 | 24 | Quanyu Çjou | Alfa Romeo | 4 | 1:19.730 | 13 | 14 | 1:21.434 | 3 |
||
15 | 18 | Ləns Stroll | Aston Martin | 10 | 1:20.342 | 11 | 15 | 1:28.119 | 3 |
||
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 16 | 1:20.474 | 11 | |||||
17 | 10 | Pyer Qasli | AlphaTauri | 17 | 1:20.732 | 11 | |||||
18 | 6 | Nikolas Latifi | Williams | 18 | 1:21.971 | 13 | |||||
19 | 31 | Estenan Okon | Alpine | 19 | 1:22.338 | 9 |
|||||
20 | 23 | Aleksandere Elbon | Williams | 20 | – | 3 |