Çin Qran Prisindən sonra Şanxayın M1nt gecə klubunda xoşagəlməz insident baş vermişdi – Force İndia komandasının sürücüsü Adrian Sutil Lotus Renault GP komandasının həmsahibi Erik Lyuksun boğazını şüşə ilə kəsmişdi.
Hadisədən bir neçə gün sonra isveçrəli vəkil Mark Hentselin bəyanat yayayaraq bildirmişdi ki, Lyuks fiziki təhqir və bədən xəsarətlərinə görə məhkəməyə müraciət etmək fikrindədir, amma Sutil və onun meneceri həmin vaxt heç bir rəsmi sənəd almamışdılar. Hadisənin üstündən vaxt keçdikcə, Hamı elə bilirdi ki, tərəflər konflikti yoluna qoyublar – amma dünən Münhen prokurorluğu sürücüyə qarşı iddianın qaldırıldığını təsdiq edib.
Frankfurter Allgemeine Zeitung qəzetinin jurnalistləri hesab edirlər ki, iddia bir həftə əvvəl qaldırılıb, amma prokurorluğun işinin xüsusiyyətləri üzündən rəsmi qeydiyyat dünənə təsadüf edib. İnsidentin araşdırılması isə bir neçə ay çəkə bilər.