Gözlənildiyi kimi, ilk üçlük risk etməyib – hətta sonuncu bonus mərhələdə belə onlar ehtiyatla davranıblar. Nəticədə bu gün iki dopda Kalle Rovanpera və iki dopda mübarizəyə “ralli+” metodu ilə qayıdan Tyerri Növil fərqləniblər: belçikalı sürücü komanda yoldaşı Kreyq Brinin şərəfinə ümumi mərhələdə qələbə qazanmağa çalışsa da, onun xatirəsinə yalnız bonus mərhələni həsr edə bilib.
F-1.az xəbər verir ki, ümumi qələbəyə isə Toyota-dan Elfin Evans sevinib – sonuncu dəfə 2021-ci ildə podiumun zirvəsinə qalxan britaniyalı sürücü bu dəfə şansından tam yararlanıb. Ford-dan Ot Tənak və Hyundai-dən Esapekka Lappi podiumu tamamlayıblar.
Toyota-nın çempionları Kalle Rovanpera və Sebastyen Ojye isə növbəti yerləri tutublar. Elə komandanın digər sürücüsü Takamoto Katsuta da adlı-sanlı komanda yoldaşlarından geri qalmayıb.
Mövsümün 4-cü yarışından sonra çempionatda vəziyyət çox gərgindir: Toyota-nın üçlüyü öndədir – Ojye və Evans 69 xal toplayıblar, Rovanpera 68 xalla onları təqib edir. Tənakın 65, Növillin isə 58 xalı var.
Növbəti dəfə çempionat iştirakçıları mayın ortasında Portuqaliyada bir araya gələcəklər…