F-1.az xəbər verir ki, bu həftəsonu Ata Sayns yeni maşını Mərakeş ralli yarışının məsafəsində sınaqdan keçirir. O, Marca qəzetinə müsahibəsində ilk dəfə olaraq oğlunun Formula1-də karyerasını Williams komandasında davam etdirmək qərarını şərh edib.
Əslində, onun da bu məsələyə müəyyən aidiyyəti var: Belçika Qran Prisinin yarış həftəsonunda Ferrari sürücüsünün atasını Williams boksundan çıxarkən görüblər. Qran Pridən üç gün sonra isə rəsmən Oğul Saynsın Britaniya komandası ilə müqaviləsi elan edilib.
“Mən həmişə Karlosun qərarlarını dəstəkləyirəm, – deyə Dakarın dördqat qalibi Marca-ya bildirib. – Etiraf etmək lazımdır ki, bu il onun üçün çətin olub. Mövsümün başlanmasından əvvəl Lyuis Həmiltonun Ferrari-yə keçidi məsələsi başlayanda o, çətin vəziyyətdə qalmışdı.
Mən və qardaşım oğlu (Karlos Onoro – Oğul Saynsın meneceri) ona kömək etməyə, bütün mümkün variantları tapmağa çalışırdıq. Amma mən onun qərarına təsir göstərmədim, o özü Williams-a keçməyi qərara aldı və biz buna hörmətlə yanaşmalıyıq.
Qərar birmənalı deyil və onu asan adlandırmaq olmaz. Üç-dörd variant var idi və nəticədə o, özü gələcəyini müəyyənləşdirməli idi. Biz isə ona hər cür dəstək göstərməyə hazırıq. Biz məhz bunu edirik.
Williams hazırda yüksəliş dövrünü yaşayır, ilin sonuna doğru komandanın nəticələri yaxşılaşmağa başlayıb. Ona görə də biz ümid edirik və inanırıq ki, gələn il bu müsbət tendensiya davam edəcək.
Karlosun əməkdaşlıq etdiyi bütün komandalara o, öz bilikləri, təcrübəsi və işə münasibəti ilə yaxşı təsir bağışlayıb. O, hər hansı bir komandaya gəldikdən sonra onun nəticələri artmağa başlayırdı – peşəkar baxımdan məhz bu vacibdir. Məhz bunu ondan həmişə gözləyirlər və mən düşünürəm ki, bu baxımdan Karlosun ən ciddi əhvali-ruhiyyəsi var. O, hara keçdiyini və Williams-da onu nəyin gözlədiyini əla başa düşür”.