Əbu Dabi-2016: Maraqlı statistika

Əbu Dabi Qran Prisindən sonra məşhur ekspert Mikele Merlino maraqlı statistik məlumatlar hazırlayıb. F-1.az bu məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Lyuis Həmilton Yas Marinada mövsümdəki 12-ci poulunu qazanıb və keçənilki rekordunu təzələyib. Bu, britaniyalının karyerasında 61-ci pouldur və poul sayına görə yalnız Mixael Şumaxer (68) və Ayrton Sennadan (65) geri qalır. Lyuis bu mövsüm sıralanma turlarında komanda yoldaşı Niko Rosberqi 12:9 məğlub edib.

Sıralanmada ikinci olan Niko Rosberq karyerasında 60-cı dəfə yarışa ilk cərgədən başlamaq haqqı əldə edib.

Mercedes AMG komandası ardıcıl 3 il rəqiblərinə mövsüm ərzində birdən çox poul qazanmağa imkan verməyən ilk komanda olub.

Sebastyan Fettel karyerasında ilk dəfə mövsüm ərzində heç bir yarışda ilk cərgədən start almayıb.

 

YARIŞ

Bu qələbə Lyuis Həmiltonun mövsümdə 10-cu, karyerasında 53-cü qələbəsidir və bir mövsüm ərzində 10 qələbə qazanaraq çempion ola bilməyən ilk sürücü olub.

Lyuis Həmilton iki mövsümdə 17 dəfə podiuma yüksələn yeganə sürücüdür – britaniyalı bu uğura 2015-ci və 2016-cı illərdə imza atıb. Mixael Şumaxer 2002-ci ildə, Sebastyan Fettel isə 2011-ci ildə 17 dəfə podiuma yüksələ bilmişdilər…

Niko Rosberq Formula1 tarixinin 33-cü dünya çempionu olub. O, Mixael Şumaxer və Sebastyan Fetteldən sonra çempion olan üçüncü, Almaniya komandası tərkibində çempion olan ilk almandır. Almanlar çempion sürücülərin sayına görə braziliyalılar və finlərlə bərabərləşiblər. Bu sahədə lider isə britaniyalılardır – 10 sürücü.

Niko Rosberq 206 yarış keçirdikdən sonra çempion olub və 176 yarış sonra çempion olan Naycel Mənsellin rekordunu təzələyib.

Niko Rosberq son 20 ildə ilk titulunu qazanmış ən yaşlı sürücüdür. Bu uğura 31 yaşında çatıb. Deymon Hill isə 1996-cı ildə dünya çempionu olarkən 36 yaşında idi.

Niko Rosberq atası Keke Rosberqdən 34 il sonra titul qazanıb – onların hər ikisi 6 nömrəli maşında bu uğuru əldə ediblər. Digər ata-oğul çempionlar – Qrəhəm Hill və Deymon Hillin titulları arasında da 34 il fasilə olub.

Mercedes AMG komandası bir mövsümdə podiuma çıxmaq rekordunu yeniləyib – 33 dəfə. Keçən il bu göstərici 32 idi.

Daniel Rikkardo bir mövsümdə 21 yarışda finiş görən ilk sürücü olub. Kimi Rəykkönen də 2012-ci ildə baş tutan bütün yarışları tamamlaya bilmişdi. Serxio Peres də bu il bütün yarışların protokollarında yer tutan digər sürücü olub, lakin Force İndia-nın sürücüsü Avstriyada əyləc probleminə görə damalı bayrağı görə bilməmişdi.

Force İndia komandası Mühəndislər Kubokunda mövsümü dördüncü yerdə başa vuraraq tarixinin ən yaxşı nəticəsini göstərib.

McLaren komandası tarixində ilk dəfə ardıcıl dördüncü mövsümü poulsuz və qələbəsiz başa vurub…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*