F-1.az xəbər verir ki, beşinci yerdən start alan, yarışın sonuna yaxın SuperSoft təkərlərə keçərək ardıcıl ötmələrlə podiuma yüksələn Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Alman sürücü bundan əvvəl Meksika və Sinqapurda da bu ada layiq görülmüşdü.
Ən çox – 8 dəfə Maks Ferstappen “Günün sürücüsü” seçilib. Bu 8 yarışın hamısı İspaniya Qran Prisindən – yəni Maksın Red Bull-a keçməsindən sonraya təsadüf edir. O, yeni komandası ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, daha sonra isə Kanada, Avstriya, Britaniya, Malayziya, Yaponiya, ABŞ və Braziliya Qran Prilərində bu ada layiq görülüb.
Red Bull sürücüsündən əlavə, Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda və Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres, Macarıstan Qran Prisində Kimi Rəykkönen, Almaniya Qran Prisində Daniel Rikkardo, Belçika Qran Prisində Lyuis Həmilton, İtaliya Qran Prisində isə Niko Rosberq “Günün sürücüsü” seçilmişdilər.
Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilirdi.
Yer | Sürücü | Komanda | Say |
1 | Maks Ferstappen | Red Bull | 8 |
2 | Sebastyan Fettel | Ferrari | 3 |
3 | Roman Qrojan | Haas | 2 |
4 | Serxio Peres | Force İndia | 2 |
5 | Daniil Kvyat | Toro Rosso | 1 |
6 | Kevin Maqnussen | Renault | 1 |
7 | Kimi Rəykkönen | Ferrari | 1 |
8 | Daniel Rikkardo | Red Bull | 1 |
9 | Lyuis Həmilton | Mercedes AMG | 1 |
10 | Niko Rosberq | Mercedes AMG | 1 |