F-1.az xatırladır ki, Esteban Qutyerres 2013-cü və 2014-ci illərdə Sauber-də yarışmış və 2015-ci ildə Ferrari-nin test sürücüsü olmuşdu.
Meksikalı 2016-cı ildə Haas komandası ilə yarışlara qayıtsa da, mövsüm ərzində xal qazana bilmədiyi üçün komandadan qovulub və keçən həftə Formula E seriyasına keçib.
Esteban Qutyerres: “Formula1-də mənim üçün bəzi qapılar açıqdır. Böyük komandalardan birinin test sürücüsü olmaq üçün danışıqlar aparıram. Bunun üçün bəzi alternativlər var və bunları dəyərləndirirəm. İllər ərzində digər insanlarla olan münasibətimi yaxşılaşdırdım və buna görə də mənim üçün bəzi qapılar açıqdır.
Hazırda bir komandaya fokuslanmışam. Bu, Formula1-in ən yaxşı komandalarından biridir. Keçən il Haas-a keçməyə qərar verəndə hər şey mükəmməl deyildi. Amma artıq karyeram üçün ən yaxşı seçimlərə baxmaq istəyirəm. Sadəcə paddokda olmaq üçün komanda axtarmıram. Gələcəyimlə bağlı ən doğru qərarı verməliyəm. Ümid edirəm ki, ən məntiqli qərarı verərəm”.