F-1.az xatırladır ki, bolidlər 2017-ci ildən etibarən bir qədər enli, təkərlər isə böyük olacaqlar. Bu dəyişikliklərin hesabına bolidlərin daha çox asfalta yatma qüvvəsi hasil etməsi gözlənilir.
Komandaların çoxu resurslarını artıq 2017-ci ilin bolidlərinə yönəldiblər. Bu komandalardan biri də Force İndia-dır. Əndi Qrin 2017-ci il bolidlərinin daha aqressiv olacağını düşünür: “Bəli, qətiliklə deyə bilərəm ki, daha aqressiv olacaqlar. Bunlar 80-ci, 90-cı illərədəki bolidləri xatırladacaqlar. Məncə, bu yaxşı addımdır. Mövsümün ilk yarısında asfalta yatma qüvvəsinin 20-25 faiz artımını gözləyirik, amma daha sonra bu nisbət çoxalacaq. Bu nisbət 30-35 faiz arasında dəyişməlidir. Bu indiyə kimi gördüyümüz ən böyük addımdır. Yeni bolidlərin şassisi də böyük olacaq və enli təkərləri olacaq. Bu da o deməkdir ki, bolidlər düzlüklərdə sürət itirəcəklər. Düzlüklərdə təxminən 20 km/saat sürət itirəcəyik. Amma Hunqarorinq kimi bol döngəli traslarda 3-4 saniyə sürətlənmə olacağını düşünürük”.