E.Okon Haryantonu əvəz edəcək!

Rio Haryantonun Manor-da mövsümün sonuna qədər yarışması üçün lazım olan 15 milyon avroluq məbləğin bir hissəsi hələ mart ayında komandanın hesabına köçürülmüşdü. Lakin indoneziyalı sürücü pulun qalan hissəsini əldə edə bilməyib. Rio üçün mövsüm artıq başa çatıb.

F-1.az xəbər verir ki, Rionu əvəzləyəcək sürücünün adına aydınlıq gəlib. Bu, Renault-nun ehtiyat sürücüsü Esteban Okondur. Manor komandası rəsmi twitter hesabı vasitəsi ilə bu xəbəri təsdiq edib. Okon Belçika Qran Prisindən etibarən Manor-u təmsil edəcək.

Deyv Rayan: “Haryanto onunla müqavilə bağladığımız andan bəri komandanın ən qiymətli üzvlərindən biri oldu. Bir müddət əvvəl onun meneceri tələb olunan məbləğin yerdə qalan hissəsini tapmaqda çətinlik çəkdiklərini bildirmişdi. Rio və meneceri məbləği əldə etmək üçün çox çalışdılar. Biz də komanda olaraq onların bu səylərinə qiymət verdik və dəstək olduq. Almaniya Qran Prisində çıxış etməsinə icazə verməyimiz də buna sübutdur. Təəssüf ki, biz komandanın maraqlarını da nəzərə almalı idik. Biz mövsümün qalan hissəsində ona komandanın ehtiyat sürücüsü olmağı təklif edirik. Onun Formula1 karyerasına əlimizdən gələn dəstəyi verdiyimiz üçün özümüzü xoşbəxt hiss edirik. Biz ümid edirik ki, Rio təklifi qəbul edəcək.

Mövsümün qalan hissəsində Esteban Okonla yarışacayıq və buna görə sevinirik. Keçən ay Avstriyada xal qazandıq. Bu uğuru həmişə qazanmaq üçün dayanmadan inkişaf etməliyik. Estebanın komandaya gəlişi ilə daha da güclü olacağımıza əminəm”.

Esteban Okon: “Bu ayın sonunda Manor ilə ilk yarışa çıxacağım üçün həyəcanlıyam. Formula1-də ehtiyat pilot kimi çox şey öyrənmişəm və əldə etdiyim təcrübələrdən yararlanmğa hazıram. Mənə bu fürsəti verən Renault, Mercedes AMG və Manor-a öz təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Okon bu il Renault-da bir neçə dəfə cümə sərbəst yürüşlərində iştirak etmiş, Mercedes AMG ilə Silverstoundakı mövsümiçi testlərdə çıxış etmişdi. 2014-cü ildə European Formula3, 2015-ci ildə isə GP3 seriyalarında çempion olan Okon bu mövsüm həm də Mercedes-lə DTM-də yarışırdı.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*