E.Okon: “F1-ə hazırlaşmaq üçün DTM daha əlverişlidir”

Renault komandasının test sürücüsü Esteban Okon bildirib ki, Formula1-ə hazırlaşmaq üçün DTM seriyası GP2-dən daha əlverişlidir...

F-1.az xatırladır ki, Esteban Okon bu mövsüm DTM seriyasında Mercedes komandasının şərəfini qoruyacaq. Fransalı sürücü eyni zamanda Renault F1 komandasının test sürücüsü olacaq.

Okon bildirib ki, nüfuzlu bir seriyada yarışmaq təcrübə qazanmaq üçün əla fürsətdir: “Mənim hədəfim F1-dir, amma hazırda DTM-ə fokuslanmışam. Mən düşünürəm ki, DTM seriyası F1-ə hazırlaşmaq üçün yaxşı pillədir. GP2-dənsə DTM yaxşıdır.

DTM avtomobillərini sürmək əyləncəlidir. Onlar sürüşünə, yol tutumuna və güclü əyləclərinə görə F1 bolidlərindən geri qalmırlar. Eyni zamanda DTM-in peşəkarlıq səviyyəsi F1-ə hazırlaşmaq üçün daha əlverişlidir”.

Qeyd edək ki , Okon keçən il Mercedes-in DTM komandasında test sürücüsü olub və Dani Xunkadellanın xəstəliyinə görə Hokkenhaym yarışının sərbəst yürüşlərində iştirak edib. Okon bildirib ki, həmin seans vaxtı çox şey öyrənib: “Keçən il Mercedes ilə çox şey öyrəndim. Mühəndislərlə çox vaxt keçirdim və onlara öz maşınımla bağlı təəssüratlarımı bildirdim.

Öyrəndiklərimi tətbiq etmək üçün səbrsizlənirəm. İlkin hədəfim xal almaqdır, daha sonra isə poul və yarış qazanmaq istəyirəm”.

Okon DTM seriyasında yeganə debütant olduğu ilə bağlı suala belə cavab verib: “Bundan narahat deyiləm. Çünki yarışdığım son iki seriyada da (Avropa F3 və GP3) debütant idim, amma çempion oldum”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*