F-1.az xatırladır ki, Fernando Alonso McLarenə qayıtdıqdan sonra istədiyi nəticələri əldə edə bilmir, amma McLaren-in son zaman inkişafı ispaniyalı sürücünü cəsarətləndirib və o, 2017-ci il barədə daha pozitiv fikirləşir.
Bulye bildirib ki, Alonsonun hərtərəfli sürücü olması onlara inkişaf etməkdə kömək edəcək: “O, hərtərəfli sürücüdür. Sıralanma tempində çox güclüdür. Komandaya yaxşı motivasiya verir və irəli aparır. Yarışda çox istedadlıdır. Yarış zamanı elə bil ki, başında GPS naviqator olur və o, hər şeyi görür”.
Bulye bildirib ki, onlar rəqabətədavamlı olmayanda Alonsonun məyusluğunu üzə vurmasının fərqindədir. İkiqat Dünya Çempionunun emosional davranması hamıda elə fikir yaradır ki, o, ilin sonun komandadan ayrılacaq.
Amma Bulye ispaniyalını başa düşdüyünü deyir: “Onun ən yaxşı sürücülərdən biri olduğunu və çox güclü olduğunu düşünsək, ondan xoşbəxt olmasını gözləyə bilmərik. Mən də məmnun deyiləm. Hamımız üçün vəziyyət eynidir. Yarışmaq və qələbə uğrunda mübarizə aparmaq üçün buradayam. Mən də Fernando kimi istəyirəm ki, qazanmaq üçün şansımız olsun”.
Jurnalistlərin “Alonsonun üçillik müqaviləsi bitmədən komandadan ayrılması sizi qorxudurmu” sualına Bulye belə cavab verib: “Xeyr. Çünki işlər belə getmir. Bizə qoşuldu, çünki layihəyə inandı. Bu ən vacib amildir”.