Bu günlərdə keçmiş Formula1 sürücüsü, iki qat ChampCar çempionu Aleks Dzanardi Ferrari-nin Maranellodakı bazasına baş çəkib – Aleks burada köhnə dostu Stefano Domenikali ilə görüşüb. Komandanın bir neçə departamentinə baş çəkdikdən sonra Aleks təəssüratlarını Ferrari komandasının mətbuat xidmətinə danışıb…
Aleks Dzanardi: “Çox gözəl gün keçirdim. Yeni Ferrari-nin yığıldığı sexə daxil olanda məni ən çox ordan gələn qoxu təəccübləndirdi – eyni qoxunu mən Amerikada Chip Ganassi komandasının bazasında da duyurdum. Həmin maşında qırmızı idi, amma aydındır ki, Ferrari deyildi.
Mən Skuderiyanın bir çox əməkdaşları ilə çoxdan tanışam, amma Maranelloya birinci dəfədir gəlirəm. Əla səfər oldu. Nəhayət mən deyə bilərəm ki, öz əllərimlə Qırmızı maşına toxunmuşam! Müasir top-komandalar çox böyükdürlər – orta həcmli şirkəti xatırladırlar, amma Ferrari-nin bütün əməkdaşlarında işə məhəbbət və ehtiras gördüm.
Əlbəttə, komanda ilə birlikdə yediyim vetçinalı tortellinini (bizim düşbərəni xatırladır) unutmayacam və heç təəssüf etmirəm ki, bu gün pəhrizimi pozmuşam.”