Dünya çempionları: Mika Həkkinen

Formula1-in 68-ci mövsümünün başlamasına 14 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Mixael Şumaxerin ən böyük rəqibi, "Uçan finlandiyalı" - Mika Pauli Həkkinen!

Mika Həkkinen 1968-ci il sentyabrın 28-də Helsinkinin yaxınlığında yerləşən və hazırda Vantaa adlanan şəhərdə radio opertorluğu və taksi sürücülüyü ilə məşğul olan Hərri ilə katibə olan Aylanın ailəsində anadan olub. Nina adlı bacısı onu hər zaman dəstəkləyib. Həkkinen sonradan dostlaşacağı bir başqa Formula1 sürücüsü və adaşı Mika Salo ilə eyni küçədə yaşayıb. Uşaq olarkən hokkey və futbolla məşğul olub.

Həkkinen beş yaşında olanda valideynləri onu kartinqə aparırlar. Balaca Mika elə ilk dövrəsindəcə qəza edir. Qəzaya baxmayaraq, Mikada yarışmağa maraq yananır və valideynlərinə elə hey bunu deyir. Arzusuna çatır – atası ona kart alır. İlk yarışında 1975-ci ildə çıxır, 1978-ci və 1979-cu illərdə regional yarışda qalib olur. 1980-ci ildə ölkə miqyaslı yarışda da uğur qazanır. Həmin il həm də Mika Solberq ilə birlikdə VolksWagen Beetle maşınında don vurmuş göllərin üzərində yarışırlar. 1981-ci ildə Finlandiya Kartinq Çempionu olan Mika növbəti illərdə ölkəsində müxtəlif seriyalarda – Formula Mini, Formula Nordic kimi yarışlarda mübarizə aparır. 1989-cu ildə British Formula3 Championship-də yarışır və yeddinci olur. 1990-cı ildə Marlboro World Championship Team-in üzvü olur. Komandanın üzvləri testlərdə iştirak etmək şansı əldə edirdilər və onları Ron Dennislə Ceyms Hantın da olduğu dördnəfərlik münsiflər heyəti qiymətləndirirdi. Mika ən sonda çıxış etməli olur. Ceyms Hant artıq yorulduğunu və gedib pivə içmək istədiyini bildirərək etiraz edir. Lakin Həkkinen öz çıxışını edir və yaxşı təsir bağışlayır. Həmin il British Formula3 Championship-ə qayıdır və mövsümü çempion kimi başa vurur.

FORMULA1 KARYERASI

Mika Həkkinen

 

Statistika
Yarışdığı illər 1991-2001
Yarışdığı komandalar Lotus, McLaren
İştirak (Start) 165 (161)
Çempionluq 2 (1998, 1999)
Qələbə 20
Podium 51
Xal 420
Poul 26
Sürətli dövrə 25
İlk yarışı ABŞ Qran Prisi, 1991-ci il
İlk qələbəsi Avropa Qran Prisi, 1997-ci il
Son qələbəsi ABŞ Qran Prisi, 2001-ci il
Son yarışı Yaponiya Qran Prisi, 2001-ci il

 

Həkkinen Formula1-də ilk testini Benetton komandası ilə edir. Silverstounda 90 dövrə vurur və Alessandro Nanninidən sürətli olur. Benetton-dan ona yarışmaq üçün təklif gəlmir və Həkkinen Lotus-a keçməyə qərar verir. İlk mövsümündə Fransa Qran Prisindən başqa bütün yarışlara çıxan Mika yalnız San Marinoda beşinci yeri tutaraq xal qazana bilir. Növbəti mövsümdə Conni Herbertlə komanda yoldaşı olan Mika altı yarışda xal qazana bilir və çempionatda səkkizinci olur. Lotus rəhbərliyi ilə arasında müəyyən narazılıqlar yaranan Həkkinenin Williams-a keçmək şansı olur. Lakin Williams-ın növbəti mövsümdə yarışacağını hələ təsdiqləməməsi onu çıxılmaz vəziyyətdə qoyur. Daha sonra öyrənir ki, Lotus rəhbərliyi Həkkineni transfer edəcəyi halda Williams-ın çıxışına veto qoyacaqmış.

Mikanın Ron Dennislə danışıqları baş tutur və onun doqquz mövsümlük McLaren karyerası başlayır. 1993-cü ildə McLaren-in test pilotluğunu edir. Maykl Andrettinin karyerasını bitirməsi ilə mövsümün son üç yarışına  çıxan Mika Yaponiyada ilk podiumunu əldə edir. 1994-cü ildə ilk doqquz yarışda sadəcə iki dəfə finişə çatır, hər iki yarışı podiumda tamamlayır. Almaniya Qran Prisində bir neçə sürücünün yarışı dayandırmasına səbəb olan qəzanı törətdiyi üçün Macarıstandakı növbəti yarışa buraxılmır. Mövsümü altı podiumla dördüncü yerdə başa vurur.

Mika Həkkinen McLaren MP4/10B ilə. Kanada Qran Prisi, 1995-ci il

 

1995-ci ildə iki, 1996-cı ildə isə dörd podium əldə edir və çempionatda müvafiq olaraq yeddinci və beşinci yerləri tutur. 1997-ci ildə mövsümə əla başlayan Mika Britaniyada qələbəyə yaxın olsa da, yarışı tamamlaya bilmir. Üçüncü yeri tutduğu Belçikada reqlamentə uyğun olmayan yanacaqdan istifadə etdiyi üçün nəticəsi ləğv edilir. Mövsümün sonuncu yarışı Xeresdə keçirilən Avropa Qran Prisində isə karyerasının ilk qələbəsini qazanır. Mövsümü altıncı yerdə tamamlayır.

1998-ci ilin Avstraliyada keçirilən ilk yarışında komanda Mikanı səhvən pit-stopa çağırır. Yarışdan əvvəl komanda yoldaşı Devid Kulthardla olan razılaşmaya görə, kim ilk döngədə lider olsa, yarışı da o qazanmalı idi. Kulthard razılaşmanı pozmur və Mikanın onu keçməsinə şərait yaradır. Mövsümün son yarışına qədər Mixael Şumaxerlə gedən titul mübarizəsindən qalib ayrılır. Mixael Yaponiyadakı yarışı başa vura bilmir, Mika isə səkkizinci qələbəsini qazanır və ilk titulunu rəsmiləşdirir.

Mixael Şumaxer və Mika Həkkinen

 

1999-cu il komanda üçün yaxşı başlamır, mövsümöncəsi testlərdə maşında bir sıra problemlər meydana çıxır. Lakin bütün bunlar həll edilir və ilk altı yarışda üç qələbə qazanır. Britaniyada Şumaxerin ayaqları sınır və alman sürücü bir də Malayziyadakı yarışda geri qayıda bilir. Həkkinenin titul uğrunda mübarizədə əsas rəqibi digər Ferrari pilotu Eddi İrvayn olur. Son yarışa qədər mübarizə davam edir. Yaponoyadakı son yarışa İrvayndan 4 xal geridə gəlməsinə baxmayaraq, Eddinin üçüncü olduğu Suzukadakı yarışda qalib gələrək ardıcıl ikinci titulunu rəsmiləşdirir.  Həmin mövsüm keçirilən Almaniya Qran Prisi ərəfisində isə növbəti mövsümdə də McLaren-də yarışacağını bildirmişdi.

2000-ci ilə pis başlayan Mika ilk iki yarışı tamamlaya bilmir. Lakin Şumaxerin dörd dəfə yarış xarici qalması, qazanılan qələbələr və podiumlarla Macarıstan Qran Prisindən sonra çempionatda liderliyə yüksəlir. Belçikadakı növbəti yarışda Mixael Şumaxeri və dövrəvi sürücü Rikardo Zontanı təkrarolunmaz şəkildə eyni vaxtda ötərək növbəti qələbəsini qazanır. Lakin bundan sonra Mikanın bəxti gətirmir. Son dörd yarışda iki dəfə ikincilik əldə edə bilir, Mixael isə 100%-lik nəticə göstərərk üçüncü titulunu qazanır. 2001-ci ildə isə titul uğrunda mübarizədən uzaq qalan Həkkinen Britaniya və ABŞ-da son qələbələrini qazanır. İtaliya Qran Prisindən əvvəl isə mövsümün sonunda karyerasını bitirəcəyini, onu komandada həmyerlisi Kimi Rəykkönenin əvəzləyəcəyini bildirir. Mika Həkkinen 2 titul, 20 qələbə və 51 podium əldə etdiyi karyerasını başa vurur.

Mika Həkkinen

 

Həkkinen 2005-ci ildən 2007-ci ilə qədər DTM-də iştirak edir. Bu müddət ərzində üç dəfə qələbə qazanır, çempionatı isə ən yaxşı halda beşinci yerdə başa vurur. Mika 1991-ci ildən etibarən Monakoda yaşayır. Finlandiya və Fransada da mülkləri var. 2008-ci ildə Fransada tikintisi yenicə başa çatmış malikanəsində yanğın baş verir. Xəsarət alan olmasa da, onun Formula1-də qazandığı kubokları məhv olur. Həkkinen 1998-ci ildə jurnalist Erya Honkanen ilə evlənib və onların biri qız, biri oğlan olmaqla, iki övladları var. Cütlük 2008-ci ildə ayrılıb. Mikanın həm də çex rəfiqəsi Marketa Remesovadan üç uşağı var. Həkkinen Mercedes-Benz, UBSNokian Tyres şirkətlərinin rəsmi səfiridir.

 

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*