Keke Rosberq 1948-ci il dekabrın 6-da İsveçin Solna şəhərində finlandiyalı ailədə anadan olub. Daha sonra isə Finlandiyanın Oulu və İysalmi şəhərlərində böyüyüb. Keke bir müddət Formula Vee, Formula Atlantic, Formula Pacific və Formula2 kimi seriyalarda mübarizə aparır. Formula2 karyerasını uğurlu hesab etmək olmaz – beş il yarışdığı seriyada mövsümü ən yaxşı halda beşinci yerdə başa vura bilir.
FORMULA1 KARYERASI
Statistika | |
Yarışdığı illər | 1978-1986 |
Yarışdığı komandalar | Theodore, ATS, Wolf, Fittipaldi, Williams, McLaren |
İştirak (Start) | 128 (114) |
Çempionluq | 1 (1982) |
Qələbə | 5 |
Podium | 17 |
Xal | 159.5 |
Poul | 5 |
Sürətli dövrə | 3 |
İlk yarışı | Cənubi Afrika Qran Prisi, 1978-ci il |
İlk qələbəsi | İsveç Qran Prisi, 1982-ci il |
Son qələbəsi | Avstraliya Qran Prisi, 1985-ci il |
Son yarışı | Avstraliya Qran Prisi, 1986-cı il |
Formula1-də 1978-ci ildə 29 yaşında Theodore komandasında debüt edir. Mövsümün gedişində ATS komandasına keçir, lakin orada üç yarışa çıxdıqdan sonra geri qayıdır. Mövsümün son iki yarışı üçün yenidən ATS-ə yollanır. Debüt ilində ən yaxşı nəticəsi onunculuq olur. 1979-cu ildə mövsümün ilk hissəsini buraxır. Səkkizinci yarışdan etibarən mövsümün sonuna qədər Wolf komandasının tərkibində yarışır, lakin cəmi bir yarışı bitirə bilir.
1980-ci ildə Fittipaldi komandasına keçir və mövsümün bütün yarışlarına çıxır. Argentinada keçirilən yarışda ilk podiumunu əldə edir. Bu, Kekenin mövsüm ərzindəki ən yaxşı nəticəsi olur. 1981-ci il isə olduqca bərbad keçir – yarışların əksəriyyətində finişə çata bilmir. Mövsümün sonunda Alan Consun Formula1-dən ayrılması Williams-ın Keke ilə maraqlanmasına səbəb olur.
1982-ci ildə Jil Vilnövün ölümü və Didye Pironinin zədələnərək karyerasını tamamlaması Ferrari-yə mənfi təsir edir. Brabham və Renault komandaları isə mexaniki problemlərdən əziyyət çəkirlər. Mövsüm ərzində heç bir sürücü ikidən artıq qələbə qazana bilmir. Didye Pironi titula ən yaxın sürücü olur, lakin Almaniya Qran Prisindəki qəza onun karyerasını tamamlamasına səbəb olur. Keke Rosberq bir qələbə qazanır və mövsümü 44 xalla çempion kimi tamamlayır. Son dörd yarışı buraxan Pironi ondan cəmi beş xal geri qalır.
1983-cü ildə uğurunu təkrarlaya bilmir – yeganə qələbə Monakoda gəlir və mövsümü 27 xalla beşinci yerdə tamamlayır. 1984-cü il də əvvəlki ildən fərqlənmir. Keke bu dəfə mövsümdəki yeganə qələbəsinə Dallasda sevinir, yekunda isə çempionatda altıncı olur. 1985-ci ildə Honda motoru daha yaxşı təsir bağışlayır. Keke ilk dəfə bir mövsümdə iki qələbəyə sevinir – əvvəlcə Detroytda, sonra isə Avstraliyada qalib gəlir. Daha üç yarışda da podiuma yüksəlir və Alen Prostun çempion olduğu mövsümü üçüncü yerdə başa vurur.
1986-cı ildə McLaren-ə keçir və sonuncu çempion Alen Prostla komanda yoldaşı olur. Lakin mövsümün yekununda nəticələrə baxan biri onların eyni komandada iştirak etdiyinə inanmaz. Rosberqin cəmi bir dəfə podiuma yüksələrək 22 xalla altıncı yerdə tamamladığı mövsümdə Prost 4 qələbə, 11 podium qazanır, 72 xalla ardıcıl ikinci titulunu rəsmiləşdirir. Keke mövsümün sonunda beş qələbə və bir çempionluq əldə etdiyi Formula1 karyerasını tamamlayır.
Keke 1989-cu ildə 24 saatlıq Spa yarışına qoşulur. 1994-cü ildə isə hazırda DTM-də mübarizə aparan, indiyə qədər müxtəlif seriyalarda iştirak etmiş Team Rosberg komandasını qurur.
Keke Rosberq son dünya çempionu Niko Rosberqin atasıdır. Rosberqlər Formula1-də dünya çempionu olmuş ikinci ata-oğuldurlar. Qrəhəm Hillin ilk çempionluğu ilə Deymon Hillin çempionluğu arasında 34 il olduğu kimi, Niko da titulu atasından 34 il sonra qazanıb.