Formula1-in ilk dünya çempionu və ilk yarışın – 1950-ci ildə keçirilmiş Britaniya Qran Prisinin qalibi olan Nino 1906-cı il oktyabrın 30-da Turində anadan olub. Atası Covanni Karlo Farina Stabilimenti Farina adlı avtomobil kuzovu hazırlayan şirkətin təsisçisi idi. Nino Siyasi Elmlər Doktoru olub, baxmayaraq ki, bəzi qaynaqlar onun mühəndis olduğunu bildirir. Universitetdə olarkən ilk maşınını – Alfa Romeonu alan Nino 1925-ci ildə bir yarışa qoşulur. Atasını keçməyə çalışarkən qəzaya uğrayır. Bu, çiyni sınan və üzündə kəsiklər əmələ gələn gənc sürücünün karyerasındakı çoxsaylı qəzaların başlanğıcı olur. Atası həmin yarışı dördüncü yerdə başa vurur.
Nino 1933-cü ildə avtoidmana qayıdır və 3 il ərzində Scuderia Supalpina komandasının heyətində, Alfa Romeo və Maserati markalı maşınların sükanı arxasında müxtəlif titullar qazanır. 1936-cı ildən 1938-ci ilə qədər Scuderia Ferrari, növbəti iki il ərzində isə Alfa Corse komandasının tərkibində yarışır. İkinci dünya müharibəsinə görə karyerasında 8 illik fasilə yaranır (bu müddət ərzində yalnız bir yarışda iştirak edir və qalib gəlir). Müharibədən sonrakı dövrdə də bir sıra yarışları qələbə ilə başa vurur. 1950-ci ildə Formula1 yaradılacaq və Farina da avtoidmanın ən elit seriyasının əsas fiqurlarından olacaqdı…
FORMULA1 KARYERASI
Statistika | |
Yarışdığı illər | 1950-1957 |
Yarışdığı komandalar | Alfa Romeo, Ferrari, Lancia |
İştirak (Start) | 36 (33) |
Çempionluq | 1 (1950) |
Qələbə | 5 |
Podium | 20 |
Xal | 115 1⁄3 (127 1⁄3) * |
Poul | 5 |
Sürətli dövrə | 5 |
İlk yarışı | Britaniya Qran Prisi, 1950-ci il |
İlk qələbəsi | Britaniya Qran Prisi, 1950-ci il |
Son qələbəsi | Almaniya Qran Prisi, 1953-cü il |
Son yarışı | İndianapolis 500 yarışı, 1957-ci il |
* – Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.
Formula1-in ilk yarışı Silverstounda 150 min azarkeşin qarşısında keçirilir. İngiltərə kraliçasının da izlədiyi yarışda podiumu Alfa Romeo sürücüləri zəbt edir – Farina digər Alfa Romeo sürücüləri Luici Facioli və Req Parnelli qabaqlayır. Növbəti yarışda – Monakoda yerində fırlanaraq yarışı yarımçıq saxlayan Nino mövsümün gedişində daha iki qələbə qazanır. Yekunda 30 xal toplayır və gələcəyin beşqat dünya çempionu Xuan Manuel Fanxionu 3 xal qabaqlayaraq Formula1 tarixinin ilk Dünya Çempionu olur.
Növbəti mövsümdə də Alfa Romeo-da çıxış edən sürücü yalnız bir yarışda – Spada keçirilən Belçika Qran Prisində qələbə qazana bilir. Daha 3 yarışda podiuma yüksəlir və mövsümü 19 xalla dördüncü yerdə başa vurur. 1952-ci ildə Suderia Ferrari-yə qayıdan sürücünü çox güclü komanda yoldaşı gözləyirdi – Alberto Askari. Həmin il Montsada keçirilən və çempionatın təqviminə daxil olmayan yarışda qalib gəlsə də, çempionatda ona Albertonu keçmək nəsib olmur. Dörd yarışı onun arxasında ikinci yerdə tamamlayan Nino mövsümün sonunda da Albert0 çempion olarkən 24 xalla ikinci olur.
1953-cü il isə Farina üçün çox pis başlayır. İlin əvvəlində baş tutan Argentina Qran Prisi ərəfəsində ölkənin rəhbəri Xuan Peron tamaşaçıların trasın lap yanına qədər sərbəst girişinə icazə verən qərar qəbul edir. Çox sayda tamaşaçı trasın ətrafında düzülür. Yarışın 31-ci dövrəsində Curva Nor Este döngəsindən çıxarkən trasda gəzən bir tamaşaçını vurmamaq üçün çalışan Nino idarəetməni itirir və trasdan çıxır. Karyerası qəzalarla zəngin olan sürücü ən pis qəzasını edir və 13 azarkeş həlak olur. Geridə qalan yeddi yarışın beşində podiuma yüksələn Ninonun ən yaxşı nəticəsi Almaniya Qran Prisindəki qələbə olur. Bu, həm də onun Formula1-dəki sonuncu qələbəsi idi. Mövsümü Askari və Fanxiodan sonra üçüncü yerdə tamamlayır. Növbəti qələbələr təqvimə daxil olmayan yarışlarda gəlir. O qəbul edir ki, Askari və Fanxio daha sürətlidirlər.
1954-cü ildə yarışların birində qəzaya uğrayır və çiynindən ağır zədə alır. Həmin zədə ilə 1954-cü ildə Belçika Qran Prisində yarışa çıxır. İlk dövrəni ldier tamamlayan Nino üçüncü dövrədə Fanxio ilə toqquşur və maşını alışır. Yarışı yarımçıq saxlamalı olur. Həmin il onu daha bir ağır hadisə gözləyir – idman maşınında Montsada qəzaya uğrayır və 20 gün xəstəxanada qalır. 1955-ci ilin İtaliya Qran Prisində idarə etdiyi Lancia D50 məşqlərdə yerində fırlanır və qəzaya uğrayır. Farina qəzadan yaralanmadan qurtulur. Lakin Ferrari maşını yarışdan çəkir və Farina sonuncu dəfə start almaq şansını əlindən verir. 1954-cü və 1955-ci illərdə ümumilikdə üç dəfə podiuma yüksələn Nino 1957-ci ildə karyerasını tamamlayır. Əslində onun çıxdığı son yarış elə 1955-ci ildə keçirilmiş Belçika Qran Prisidir. Növbəti iki ildə adı İndianapolis 500 yarışının iştirak ərizəsinə salınsa da, yarışmır.
Karyerasını bitirdikdən sonra da avtoidmana bağlı qalan Nino Alfa Romeo və Jaguar-da müxtəlif vəzifələrdə işləyir. Formula1-ə olan sevgisi onu ölümə aparır. 1966-cı il iyunun 30-da Fransa Qran Prisini izləməyə gedərkən sükanı arxasında olduğu Lotus Cortina-nın idarəetməsini itirir. Maşın teleqraf dirəyinə çırpılır və Nino yerindəcə keçinir… O, Fransaya təkcə yarışı izləmək üçün yox, həm də film çəkilişinə gedirdi – Grand Prix adlı filmdə eks Dünya Çempionu rolunu oynamalı idi.
Filmdə oynaya bilməsə də, Cüzeppe “Nino” Farina bu rolu həyatda layiqincə oynayıb. Digər Dünya Çempionları ilə müqayisədə adı az çəkilsə də, əslində cəsur sürücü olub. Heç vaxt qəzalardan qorxmayıb, potensialından maksimum istifadə edərək yarışıb. Ağır zədələri olmasa, bəlkə də daha çox yarış qazanardı. Həm də unutmamalıyıq – Nini Farina çox sevdiyimiz Formula1-in ilk yarışının qalibi və ilk Dünya Çempionudur. Bundan sonrakı yazılarımızda bəhs edəcəyimiz qalan 32 sürücü isə əslində onun yolunun davamçılarıdır…