Ceyms Hant 1947-ci il avqustun 29-da İngiltərənin Surrey vilayətində anadan olub. Ailənin ikinci uşağı olan Ceyms uşaqlığından müxtəlif idman növlərinə maraq göstərir. Əvvəlcə kriketlə məşğul olur, sonra futbolda iki il qapıçı kimi çıxış edir, 12 yaşında isə 17 yaşadək idmançıların tennis turnirinə qatılır. Turnirin finalında özündən dörd yaş böyük rəqibinə uduzur. Junior Wimbledon turnirində də iştirak edir, daha sonra isə qolfla məşğul olur. Uşaqlıqda heyvanları çox sevdiyini və böyüdükdə həmin sahə üzrə çalışacağını bildirir. Valideynləri onun asi uşaq olduğunu deyirlər.
Ceyms 18 yaşında tennisdən tanıdığı dostu Kris Ridcgilə gedir. Onun qardaşı Saymon yarışçı idi və Mini maşınlarının yarış seriyasında mübarizə aparırdı. O, Ceymsi öz yarışına baxmaq üçün Silverstouna aparır. Beləliklə, Ceymsdə avtoidmana maraq yaranır. O da avtoidman karyerasına elə Mini seriyasında başlayır. Sonra Formula Ford, Formula3 kimi seiryalarda çıxış edir və Hesketh komandasına qoşulur. Ceyms Formula2-də yarışmağa hazırlaşarkən komandanın rəhbərləri fərqli qərar verirlər – Formula1 və Formula2-nin xərcləri arasında elə də böyük fərqin olmadığını əsas gətirərək Formula1-ə qoşulmağa qərar verirlər.
FORMULA1 KARYERASI
Statistika | |
Yarışdığı illər | 1973-1979 |
Yarışdığı komandalar | Hesketh, McLaren, Wolf |
İştirak (Start) | 93 (92) |
Çempionluq | 1 (1976) |
Qələbə | 10 |
Podium | 23 |
Xal | 179 |
Poul | 14 |
Sürətli dövrə | 8 |
İlk yarışı | Monako Qran Prisi, 1973-cü il |
İlk qələbəsi | Hollandiya Qran Prisi, 1975-ci il |
Son qələbəsi | Yaponiya Qran Prisi, 1977-ci il |
Son yarışı | Monako Qran Prisi, 1979-cu il |
Formula1-də ilk yarışına 1973-cü ildə mövsümün ortasında – Monako Qran Prisində çıxan Ceymsin komandasını heç kim ciddi rəqib kimi qəbul etmir. Lakin tezliklə yanıldıqlarını görürlər. Hant mövsüm ərzində iki dəfə podiuma çıxa bilir və çempionatı 8-ci yerdə tamamlayır. Növbəti il komanda March-dan maşın almaq əvəzinə özünün Hesketh 308 adlı ilk maşınını düzəldir. Komandanın heç bir sponsoru olmadığından, maşının üstündə heç bir şirkətin emblemi olmur. Ceyms Silverstounda testlərdə hiss edir ki, maşın keçənilki ilə müqayisədə daha stabildir. Lakin istifadə etdikləri mühərrik o qədər də yaxşı olmur. Mövsümə pis start verən britaniyalı bir çox yarışı mexaniki problemlər üzündən yarımçıq saxlayır. Lakin üç dəfə podiuma yüksələ bilir, mövsümü yenə də səkkizinci yerdə başa vurur. 1975-ci il daha uğurlu alınır. Mövsüm ərzində altı yarışı tamamlaya bilməsə də, qalan yarışlarda dörd dəfə podiuma yüksəlir. Karyerasındakı ilk, mövsümdəki yeganə qələbəsini isə Hollandiyada əldə edir.
1976-cı ildə McLaren-ə keçən Ceyms Braziliyadakı ilk yarışa pouldan başlasa da, finiş görə bilmir. Mövsümdəki ilk qələbə İspaniyada gəlir, lakin onun maşınının normadan 1.8 sm daha enli olmasına görə nəticəsi ləğv edilir. Apellyasiyaya müraciət edən Ceymsin şikayəti qəbul olunur və nəticə bərpa edilir. Britaniya Qran Prisinin ilk dövrəsində birinci döngədə Niki Lauda ilə olan insidentinə görə yarışdan diskvalifikasiya edilir. Laudanın ağır qəzaya uğradığı Almaniya Qran Prisində qalib gəlir. Hollandiya, Kanada və ABŞ-da da qələbələr qazanan Hant lider Lauda ilə olan xal fərqini xeyli azaldır. Yaponiyada Nikinin yarışdan çəkilməsi onun üçün göydəndüşmə fürsət olur. Finiş xəttini üçüncü keçir və mövsümü Laudanı bir xal üstələyərək çempion kimi tamamlayır.
1977-ci ildə idarə etdiyi McLaren M26 ilə bir çox yarışı tamamlaya bilmir. Britaniyada çətin mübarizədə qələbə qazanır, növbəti qələbə isə ABŞ-da gəlir. Mövsümün Yaponiyadakı son yarışında da qələbə qazanır, lakin podium mərasiminə qatılmır. Buna görə 20 min dollar cərimə ödəməli olur. Əzəli rəqibi Laudanın ikinci titulunu qazandığı mövsümdə yalnız beşinci yeri tuta bilir.
1978-ci ildə ikinci dəfə çempion olmaq istəyən Hantın ümidləri boşa çıxır. Mövsümdə cəmi 8 xal qazana bilir. Montsadakı yarışdakı qəzadan bir gün sonra Ronni Petersonun ölümü Ceymsə çox pis təsir edir. Yarışın startında Ronninin maşını yolun kənarında maneəyə çırpılır və alışır. Ceyms və bir neçə sürücü Petersonu maşından çıxarırlar, lakin növbəti gün səhər xəstəxanada ölür. Sonradan bu qəzaya görə Rikkardo Patrezeni ittiham edirlər. Lakin sonradan videotəkrarlardan görünür ki, Rikkardonun qəzada heç bir rolu olmayıb…
Ceyms 1979-cu ildə Wolf komandasına keçir. Buna səbəb isə Ferrari-də çıxış etmək üçün göndərdiyi təklifin italyan komanda tərəfindən qəbul edilməməsi olur. Mövsümün ilk yeddi yarışından altısında finişə çata bilməyən Hantın yarışmaq həvəsi də əriyib gedir. 1979-cü il iyunun 8-də, yəni mövsümün ortasında Formula1 karyerasını bitirdiyini açıqlayır. Buna baxmayaraq, şəxsi sponsorları Marlboro və Olympus ilə olan əməkdaşlığı davam edir.
Karyerasını bitirdikdən sonra BBC2 kanalında Grand Prix verilişində qonaq olur. 1980-ci ildən etibarən kanalda şərhçiliyə başlayır. Şərh edəcəyi ilk yarış olan Monako Qran Prisindən əvvəl iki şüşə şərab içir. Bundan çox narahat olan kanalın idman şöbəsinin rəhbəri Conatan Martin onun starta bir neçə dəqiqə qalmış gəlməsindən sonra dərin nəfəs alır və Ceymsi “adrenalinlə yaşayan oğlan” adlandırır.
1980-ci ildə yenidən yarışlara qayıtmaq istəyir. Alen Prostun zədələnməsi ilə buna yaşıl işıq da yanır, heç olmasa bir yarışda fransız sürücünü əvəz edə biləcəyi deyilir. Lakin xizək sürərkən ayağını sındıran Ceyms bu şansı əlindən vermiş olur. Daha sonra Berni Ekklstoun onu komandasında görmək istəyir və 2.6 milyon dollarlıq təklif göndərir. Lakin Hant bu təklifi rədd edir. 1990-cı ildə Williams-la testlərə qoşulur və hiss edir ki, yarışlara qayıtmaq üçün daha çox fiziki hazırlığa ehtiyac var.
Ceyms azarkeşlər tərəfindən intizamsız, çılğın bir insan kimi tanınırdı. Hər nə qədər aralarında gərgin mübarizələr olsa da, karyerasının əvvəlində Lauda ilə yaxşı münasibətlərinin olduğu bildirilir. Əyləncələrə həyatında çox yer verən Ceyms tez-tez tədbirlər təşkil edir, içkilərdən, kokain və marixuana qəbulundan heç vaxt çəkinmir.
Onun ilk evliliyi Suzi Millerlə 1974-cü ildə olur. Lakin həyat yoldaşı Ceymsi bir il sonra aktyor Riçard Bartona görə tərk edir. Riçardın onların boşanma prossesinin tezləşdirilməsi üçün bir milyon dollar xərclədiyi bildirilir. Növbəti evliliyi Sara Lomaksla olur, Tom və Freddi adlı iki oğulları dünyaya gəlir. Freddi də atası kimi avtoidmanı seçir. Onlar 1988-ci ildə boşansalar da uşaqları üçün birlikdə yaşamağa qərar verirlər. Lakin bir il sonra tamamilə ayrılırlar.
Ceyms Hant 1993-cü il iyunun 15-də səhər saatlarında infarktdan dünyasını dəyişir. Cəmi iki gün əvvəl isə evindən BBC-nin ofisinə velosipedlə gedibmiş. Ceymsin ölərkən maddi vəziyyətinin çox da yaxşı olmadığı bildirilir. Bəlkə də yarışlara, karyerasına Lauda qədər önəm versəydi, daha çox nailiyyətlər əldə edərdi…