Dünya çempionları: Ceki Stüart

Formula1-in 68-ci mövsümünün başlamasına bir aydan az vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: "Uçan Şotland" - ser Con Yanq "Ceki" Stüart!

Ceki Stüart 1939-cu il iyunun 11-də Qlazqodan bir qədər aralıda yerləşən Milton şəhərində anadan olub. Atası həvəskar motosiklet yarışçısı, qardaşı isə professional yarışçı olub. Dumbarton şəhərində təhsil alan Ceki disleksiya xəstəliyindən əziyyət çəkdiyi üçün yaşıdları tərəfindən həmişə alçaldılır və təhqir edilir. O, 16 yaşından sonra təhsilini davam etdirə bilmir və atasının yanında mexanik şagirdi kimi işləməyə başlayır. Atıcılığa marağı olan Ceki bir sıra yarışlarda yer tutduğu üçün mükafatlar qazanır. Hətta 1960-cı ildə Yay Olimpiya Oyunlarında komanda tərkibində üçüncü olur.

Ailə biznesinin müştərilərindən biri ona özünü sürücülükdə sınamağı təklif edir. Özünü bu sahədə yoxlayan Cekidə avtoidmana maraq yaranır və bir neçə kiçik yarışlarda uğur əldə edir. British Formula3-də Tyrrell-in tərkibində yarışır və Snetterton trasında fantastik qələbə qazanır. Onun çıxışı Formula1 komandalarının diqqətini çəkir. Cooper komandası ona Formula1-də yarışmaq üçün təklif göndərir, lakin Ceki bu təklifi rədd edərək Tyrrell-də təcrübə toplamağa üstünlük verir. Mövsümün sonunda seriyanın qalibi olur.

Ona Formula1-də yarışmaq üçün növbəti təklif Kolin Çəpmən tərəfindən gəlir, çünki həm onda, həm də Cim Klarkda xoş təəssurat yaradır. Lakin Ceki bu dəfə də təklifi rədd edir, lakin Lotus ilə Formula2-də yarışmağa razılıq verir.

FORMULA1 KARYERASI

Ceki Stüart Cənubi Afrika Qran Prisində qalib gəlir. 1969-cu il

 

Statistika
Yarışdığı illər 1965-1973
Yarışdığı komandalar BRM, Matra, March, Tyrrell
İştirak (Start) 100 (99)
Çempionluq 3 (1969, 1971, 1973)
Qələbə 27
Podium 43
Xal 359 (360)*
Poul 17
Sürətli dövrə 15
İlk yarışı Cənubi Afrika Qran Prisi, 1965-ci il
İlk qələbəsi İtaliya Qran Prisi, 1965-ci il
Son qələbəsi Almaniya Qran Prisi, 1973-cü il
Son yarışı ABŞ Qran Prisi, 1973-cü il (start almayıb)

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

1964-cü ilin sonunda növbəti mövsüm üçün Formula1 komandalarından BRM ilə müqavilə bağlayıaraq Qrəhəm Hillin komanda yoldaşı olur. Mövsümün ilk yarışında Cənubi Afrikada altıncı yeri tutaraq ilk xalını qazanır. Monakodakı növbəti yarışda isə ilk podium gəlir. Mövsüm ərzində dəfələrlə podiuma çıxan şotland Montsadakı Qrəhəm Hill ilə təkər-təkərə keçən yarışda ilk qələbəsini qazanır. Son dörd yarışdan üçündə finiş görə bilməsə də, mövsümü Cim Klark və Qrəhəm Hilldən sonra üçüncü yerdə tamamlayır.

1966-cı ildə Belçika Qran Prisindəki qəza onun yarışların təhlükəsizliyi üçün daha ciddi mübarizə aparmasına səbəb olur. Maşını aşan və üzərinə yanacaq tökülən Stüarta kömək etmək üçün yaxınlıqda heç bir marşal olmur. Maşında 25 dəqiqə qaldıqdan sonra sürücülər tərəfindən çıxarılır. Xəstəxanaya da təcili yardım maşını olmadığından çox gec çatdırılır. O qəzadan bəri Formula1 maşınlarına elektronikanın söndürülməsi funksiyasını qoymaq və sükanın asanlıqla sökülərək çıxarılması standartı gətirilib. Mövsümün ilk yarışında Monakoda qələbə qazanmasına baxmayaraq, həmin il BRM üçün uğursuz alınır. Növbəti mövsümdə də komandanın vəziyyəti dəyişmir. Cəmi iki yarışda finiş görə bilir və hər iki yarışda podiuma yüksəlir.

Ceki Stüart Belçika Qran Prisindəki qəzadan sonra xəstəxanada

1968-ci ildə Matra komandasına keçən Ceki yağışlı havada Hollandiya Qran Prisində qalib gəlir. Növbəti qələbə də pis hava şəraitində qazanılır – yağışlı və dumanlı havada Nürburqrinqdə Qrəhəmi dörd saniyə üstləyərək qələbə qazanır. Meksikada keçirilən mövsümün son yarışına çempionluq üçün gedən Ceki yarışda texniki problemlə üzləşir və ancaq yeddinci ola bilir. Çempion isə yarışın qalibi Qrəhəm Hill olur.

1969-cu ildə rəqiblərini İspaniya Qran Prisində iki dövrə, Fransa Qran Prisində bir dəqiqə və Silverstoundakı yarışda bir dövrədən çox üstələyərək möhtəşəm qələbələr qazanır. Eyni zamanda Cənubi Afrika, Hollandiya və İtaliyadakı yarışlarda da finiş xəttini birinci keçərək ilk titulunu qazanır. Stüart 2005-ci ilin sentyabrında Fernando Alonso Renault ilə çempion olana qədər bir fransız brendi altında titul qazanmış ilk sürücü olur. Nəzərə alsaq ki, Alonsonun Renault-su Britaniyada hazırlanıb, Stüart hələ də Fransada hazırlanmış maşınla çempion olmuş yeganə sürücüdür.

1970-ci ildə də Tyrrell-in tərkibində finişə çata bildiyi çox az sayda yarışda mümkün qədər yaxşı nəticələr göstərir və mövsümü dörd dəfə podiuma yüksələrək beşinci yerdə başa vurur. 1971-ci ildə isə Ceki əlçatmaz olur – İspaniya, Monako, Fransa, Britaniya, Almaniya və Kanadada qalib gələrək çempionatda 33 xalla ikinci yeri tutmuş Ronni Petersonu 29 xal qabaqlayır. 1972-ci ildə qastritdən əziyyət çəkdiyi üçün Belçikada yarışa bilmir. Argentina, Fransa, Kanada və ABŞ-dakı qələbələrlə çempionatda ikinciliyi təmin edir. Elə həmin il Britaniya İmperiyası Ordeninə layiq görülür.

Ceki Stüart ona ikinci titulu qazandıran Tyrrell 003 ilə Almaniya Qran Prisində. Nürburqrinq, 1971-ci il.

1973-cü ildə isə karyerasını tamamlamaq qərarına gəlir. Buna baxmayaraq, mövsümdə beş qələbə qazanır və üçüncü titulunu rəsmiləşdirir. Karyerasının 27-ci və sonuncu qələbəsini Nürburqrinqdə qazanır və bu say o dövr üçün rekord idi. Ceki sonradan belə demişdi: “Heç bir şey məni Nürburqrinqdəki qələbə qədər məmnun edə bilməz. Çünki orada həmişə qorxmuşam. Nə vaxt evdən Almaniya Qran Prisində yarışmaq üçün çıxsam, geri qayıdacağıma əmin ola bilməmişəm”. Komanda yoldaşı Fransua Severin ABŞ Qran Prisininin sıralanma turunda həlak olması Cekiyə çox təsir edir və yarışa çıxmır. Çıxsaydı, bu Cekinin 100-cü startı olacaqdı.

Stüart karyerasını bitirdikdən sonra da yarışların təhlükəsizliyi üçün mübarizəsini davam etdirir. Onun yarışdığı dövrdə yarışan sürücülər beş il ərzində ən azı 2-3 dəfə ölümlə üz-üzə gəlirdilər. Ceki traslarda tibbi personalın və avadanlıqların mütləq olmasını, qəzalara vaxtında müdaxilə edilməsini və trasların kənarlarında baryerlərin daha yaxşı yerləşdirilməsinin vacibliyini hər zaman vurğulayıb.

Ceki də bir çox sürücü kimi karyerasından sonra avtoidmanın televiziya siması olub və şərhçilik edib. Ceki Stüart 1997-ci ildə oğlu Pol ilə birlikdə Stewart Grand Prix komandasını qurur. 1997-ci ildə Avstraliya Qran Prisində debüt edən komanda 3 il ərzində bir qələbə, bir sürətli dövrə və bir neçə podium əldə edir. 2000-ci ildə satılaraq Jaguar Racing adı ilə Formula1-də iştirakını davam etdirən komanda sonradan yenə də satılır və bir müddət əvvəl dörd il boyunca Formula1-də dominantlıq edir. Bəli, söhbət Red Bull-dan gedir.

Formula1-in iki böyük çempionu: Ceki Stüart və Niki Lauda

Karyerası boyunca və daha sonra bir çox mükafat və adlara layiq görülən Stüart gənc yaşlarından sevdiyi Helen ilə ailə qurur və iki oğlu olur. Karyerası boyu Formula1 ilə yanaşı Can-Am çempionatında da yarışan Ceki Start jurnalist Kevin İzon tərəfindən Formula1-in ən yaxşı 50 sürücüsü arasında beşinciliyə layiq görülür. Kevin onun haqqında belə deyir: “O, təkcə böyük pilot deyil, eyni zamanda avtoidmanın ən böyük fiqurlarından biridir”.

Ceki Stüartı elə indi də tez-tez yarışlarda məşhur kepkası və şalvarı ilə görürük. Xüsusilə də, Silverstoundakı yarışı heç vaxt qaçırmır. Ceki Start üç və daha çox çempionluq əldə etmiş 10 sürücüdən biridir…

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*