Duhən Spada strateji qələbə qazanıb

Belçikanın əfsanəvi Spa trasında gənc sürücülərin Formula2 çempionatında mövsümün 11-ci mərhələsi bazar günü əsas yarışla başa çatıb.

F-1.az xəbər verir ki, pouldan start alan mövsümün lideri Felipe Druqoviç liderliyini qorusa da, arxada maraqlı yerdəyişmələr baş verib.

4-cü yerdən start alan Cək Duhən ilk döngədən 2-ci çıxıb, Kemmel düzlüyünün sonunda isə Enzo Fittipaldini Devid Bekman qabaqlayıb. Enzo dünənki sprintin qalibi Liam Lousonun hücumlarını dəf etməli olub.

3-cü dövrənin əvvəlində titula əsas namizədlərdən biri Teo Purşer yavaşlayıb – fransalı sürücü texniki problemlər üzündən mübarizəni dayandırmalı olub. Bu xəbəri alan Druqoviç bir az rahatlayıb.

5-ci dövrədə Louson da Fittipaldini arxada qoyub. 8-ci dövrədən isə ilk pit stoplar başlayıb. Liderlərdən birinci boksa Duhən yollanıb – bir dövrə sonra mexaniklərinə qonaq olan Druqoviç avstraliyalı sürücünün arxasına düşüb.

Bundan sonra faktiki olaraq ilk üçlükdə yerdəyişmə olmayıb və finişdə Duhən mövsümdə 3-cü qələbəsinə sevinib. Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSPort komandasının sürücüsü Felipe Druqoviç podium kolleksiyasını artırıb. Dünənki sprintin qalibi Liam Louson podiumu tamamlayıb.

Felipe çempionatda Purşer üzərindəki üstünlüyünü 43 xala çatdırıb. Mövsümün sonuna isə 3 mərhələ qalıb – Niderlandda mübarizə davam edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*