F-1.az xəbər verir ki, Ducati-nin test sürücüsü Mikelle Pirro komandanın yeni motosikleti Desmosedici GP16 ilə 50 dövrə vurub.
Ducati əsas rəqibləri olan Yamaha və Honda-dan fərqli olaraq, 2016-cı ildə yarışacaqları motosiklet ilə keçən il test etməyib. Valensiya və Xeresdə keçirilən testlərə 2015-ci ildə yarışdıqları motosikletlərlə çıxaraq, həm yeni Michelin təkərlərini, həm də yeni elektronik sistemləri test ediblər.
Komandanın test sürücüsü Mikelle Pirro motosiklet barədə təəssüratlarını bölüşüb: “Bu gün GP16 ilə 50 dövrə atdıq. Test çox yaxşı keçdi. Hər şeyin düzgün işləyib-işləmədiyini yoxlamaq üçün testlər keçirtdik. İlk təəssüratlar yaxşıdır.
Heç bir şey tərs getmədi. Ona görə də xoşbəxtik”.
Pirro cümə axşamı GP16 ilə testlərə davam edəcək.
2007-ci ildə Ducati komandası ilə karyerasının ilk MotoGP üzrə Dünya Çempionluğunu qazanan, hazırda isə komandanın test pilotu olan Keysi Stouner isə şənbə və bazar günləri GP15 ilə test edəcək.