F-1.az xəbər verir ki, sürücülər səhər yarımsaatlıq məşq sessiyasında trası öyrəniblər və maşınları sazlayaraq nahardan sonra sıralanma turuna çıxıblar.
Tras nəm və soyuq olsa da, sürücülər sessiyaya sliklərlə başlamağa qərar veriblər. Amma elə ilk sürətli dövrədə əvvəl Cək Duhən yerində fırlanıb, daha sonra isə Yuri Vipsin fırlanaraq yerində donub qalması qırmızı bayarqların dalğalanmasına səbəb olub.
İlk cəhdlərdə görünürdü ki, maşını trayektoriyada saxlamaq çətindir. Bu cür dəyişkən şəraitdə təcrübə böyük rol oynayır və mövsümün lideri Felipe Druqoviç protokolların zirvəsinə qalxıb – Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü 2 dəqiqənin altına düşən yeganə sürücü olub.
Sürücülər boksda yeni təkər aldıqdan sonra trasa 2-ci cəhdlərə tələsiblər. İki dövrə təkərləri qızdırdıqdan sonra sürətli dövrələrə başlayıblar.
Cək Duhən, Liam Louson, Riçard Fershor birinciliyə yüksəlsələr də, Druqoviç hamını nokauta göndərib – braziliyalı sürücü 1:58.232 nəticə ilə Duhəni 0.7 saniyə üstələyib.
Sonuncu cəhdində yenə bənövşəyi sektorla gedən Druqoviçi komandası sakitləşdirib ki, onsuz da heç kim səni üstələyə bilməyəcək və sürücü dövrəsini tamamlamadan boksa yollanıb – yekunda Enzo Fittipaldi 0.383 saniyə uduzmaqla İlk cərgəni tam braziliyalılaşdırıb. Loqan Sarcent isə son saniyələrdə 3-cülüyə yüksəlib.
Sabah reversiv start qaydasına görə ilk cərgədə Ralf Boşunq və Cehan Daruvala dayanacaqlar…