Avstraliya Qran Prisinin finişindən sonra stüardlar 5 saat Daniel Rikkardonun maşınında yanacaq sərfiyyatının normadan artıq olması faktını araşdırıblar. Red Bull komandası həftəsonu boyu yanacaq sərfiyyatına nəzarət edən cihazların problemləri ilə üzləşib. Gill Sensors firmasına məxsus olan cihazların dəqiqliyi əvvəllər də çübhə doğursa da, bu ilin yanvarında FİA rəsmən bu cihazları qəbul etmişdi.
Melburnda Renault motorçuları güc qurğusunu idarə edən proqram təminatına müəyyən düzəlişlər etməli olublar, şənbə günü isə Rikkardonun maşınında sərfiyyat cihazı dəyişdirilib, amma yekunda yeni cihazla da sərfiyyat normadan artıq olub. FİA-nın texniki nümayəndəsi yarış zamanı komandaya bir neçə dəfə sərfiyyatın normadan yüksək olması barədə məlumat verib, amma Red Bull buna məhəl qoymayıb.
Vəziyyətin detallı araşdırılmasından sonra stüardlar komandanı baş verən hadisədə günahkar hesab ediblər və Daniel Rikkardonun nəticəsi protokollardan çıxarılıb – onun göstərdiyi ikinci nəticə həm sürücü üçün karyerasında ən yüksək mövqe idi, həm də avstraliyalılar üçün ev trasında ən yüksək nəticə idi. Bu qərardan sonra Kevin Maqnussen protokollarda ikinci, Censon Batton isə üçüncü yerə yüksəliblər.
Red Bull komandası və Renault Sport şirkəti sütardların bu qərarı ilə razı deyillər. Komanda bildirib ki, yanacaq sistemində nasazlıq olmayıb, məhz FİA_nın qəbul etdiyi cihazda nasazlıq olub, ona görə də bu qərardan şikayət edəcək. Yarışın nəticələri müvəqqəti elan olunub…