Rəqəmləri seçməkdə BŞH-ın 1-dən 20-ə qədər nömrələnmiş döngələri köməklik göstərəcək. Mümkün qədər hər rəqəmə uyğun məlumat verməklə yanaşı, geridə qalmış 4 ildə trasda baş vermiş əlamətdar hadisələrə də toxunmağa çalışacam. Başladıq!
Birinci döngə
Təqvimdəki ən uzun düzlüyün sonundakı döngə deyə bilərik. Startdan sonra əsas hadisələr məhz burada cərəyan edir. Lakin bu döngə ətrafında ən maraqlı hadisələr 2018-ci ildə baş verib. Ümumiyyətlə, həmin yarışın taleyi burada həll olunub deyə bilərik. Daniel Rikkardo və Maks Ferstappenin düzlüyün sonunda toqquşması, Təhlükəsizlik Maşınından sonra bir anlıq liderliyə yüksələn Sebastyan Fettelin elə burada səhvə yol verərək geriləməsi, Valtteri Bottasın təkərinin məhz burada partlaması – bütün bunlar qələbəni Lyuis Həmiltona verən amillər olmuşdu.
1 rəqəmi BŞH üçün çox məna kəsb edir. Ən əsası isə, 2017-ci ildə qəbul etdiyimiz yarışın həmin il ən maraqlı yarışlar arasında birinci olmasıdır.
İkinci döngə
İlk döngə kimi, 90 dərəcəli və sola doğrudur. Bura ilk döngədən yaxşı trayektoriya ilə çıxmış pilotlara real ötmə imkanı yaradır.
Buradan sonrakı düzlük 2017-ci və 2018-ci illərdə bir çox ötmələrə və insidentlərə şahidlik edib. Yəqin ki, sizin də xatirələrinizdə Ferstappenlə Rikkardonun amansız mübarizəsi, o zaman Force İndia adlanan komandanın sürücülərinin təması canlandı.
Maraqlıdır, görəsən bu dəfə hansısa sürücü karyerasında 2-ci dəfə BŞH-da podiumun ən yüksək zirvəsinə çıxa biləcək?
Üçüncü döngə
Sola doğru olan ardıcıl üç 90 dərəcəli döngələrin sonuncusudur. Burada çox da xüsusi hadisənin baş vermədiyi geridə qalan 4 yarışda Mercedes komandası 3 dəfə qələbəyə sevinib.
Bu il qəbul edəcəyimiz yarışda mübarizə aparacaq 20 sürücü arasında məhz 3 dünya çempionu var.
Dördüncü döngə
Sağa doğru olan ilk döngədir.
Geridə qalan 4 yarışda 4 müxtəlif qalib olub ki, bu da yarışımızda heç vaxt monotonluğa yer olmadığını göstərir. Bu 4 yarışdan əldə edilən qazancın təxminən 500 milyon dollar olduğu bildirilir. Lakin buna təkcə ötən illərdə əldə edilən maddi gəlir kimi baxmaq lazım deyil. Turizm sahəsinin inkişafında və ölkənin bütün dünyaya tanıdılmasında Formula1-in rolu əvəzsizdir.
Beşinci döngə
Bizi trasın əks istiqamətlə birləşdiyi yerə doğru aparır.
Sırada isə bizi 5-ci yarış gözləyir. Formula1 rəhbərliyi ilə ilk müqavilə 5 illik nəzərdə tutulsa da, sonradan daha 3 il artırılıb.
Altıncı döngə
Ardıcıl “90 dərəcələrin” sonuncusudur.
Bakıda bu dəfə də qələbə üçün əsas favoritlərdən olacaq Həmilton ötən mövsüm 6-cı çempionluğunu bayram etdi. Bu il isə qələbə və çempionluq sayında Mixael Şumaxeri haqlamaq imkanına malikdir…
Yeddinci döngə
Bolidlər buranı dönərək trasın ən tanınmış yerinə yönəlirlər. Niko Hülkenberq 2017-ci ildə həyəcana tab gətirə bilməyərək məhz burada qəza etmişdi.
“Yeddi” dedikdə F1-də xatırlanan ilk şey Şumaxerin indiyə qədər əlçatmaz olan çempionluq sayıdır. Bu il isə Həmilton ona şərik ola bilər.
Səkkizinci, doqquzuncu, onuncu və on birinci döngələr
Bu 4 döngəni ayırmamaq qərarına gəldim, çünki təqvimdəki traslar arasındakı ən dar yerdə yerləşən bu “dördlük” həmişə birlikdə anılır. Bu ilki təqvimdə 8-ci yarışa ev sahibliyi edəcək BŞH həm də cəmi 7.2m olan ən dar hissəsi ilə tanınır. Abşeron tribunasını nəzərə almasaq, 9 tribunadan məhz ilki burada yerləşir. Tamaşaçıla Qala divarlarının füsunkar gözəlliyi qarşısında burada aşağı sürətlə hərəkətə məcbur 10 komandanın boldlərini izləyə bilirlər.
On ikinci döngə
Bura çox vacibdir – trasın yavaş hissəsindən sürətli hissəsinə keçiddir.
On üçüncü və on dördüncü döngələr
Necə ki, sürücülər bu hissəni çox sürətlə keçirlər, biz də yazımızda burada eyni sürəti yığırıq. Qeyd etmək yerinə düşər ki, İstiqlaliyyət küçəsi boyunca yerləşən bu sürətli döngələrdən sonra sürücüləri çox çətin bir yer gözləyir.
Bir şeyi də xatırladım: bu mövsüm yarışacaq sürücülər 14 müxtəlif ölkədəndirlər.
On beşinci döngə
Bəli, məhz 15-ci döngə gözləyir. Dar və maili olmasının sürücülərə yaratdığı çətinliklərin elə ilk ildən şahidi olmuşuq. Lakin buranı yaddaqalan edən hadisə 2017-ci ildə baş verib. Həmiltonun Təhlükəsizlik Maşını arxasında çox yavaş hərəkət etdiyini düşünən Fettelin maşını onun üzərinə sürməsi hələ çox uzun illər yaddaşlardan silinməyəcək.
On altıncı döngə
Sürücülər buranı dönərək təqvimdəki traslar arasında ən uzun düzlüyə çıxırlar.
Filarmoniya və Azneft tribunalarına bilet alan azarkeşlər şanslıdırlar. Çünki “yuxarıdan aşağı” gələn bolidləri görmək üçün ideal yerdir. Xüsusilə Azneft tribunasından bolidləri düz qarşıdan izləmək mümkündür.
On yeddinci, on səkkizinci, on doqquzuncu və iyirminci döngələr
Müasir F1 bolidləri hazırda yarışan 20 sürücüyə imkan verir ki, trasın bu hissəsində qaz pedalından ayaqlarını bir an belə olsun, çəkməsinlər. Ümumi 2.2 km olan və ta finiş xəttinə (daha doğrusu, ilk döngəyə) qədər uzanan bu düzlüyün üzərində təkcə sadaladığımız korbucaqlı döngələr yoxdur, həm də bu yüksək sürətdən həzz almaq üçün seçə biləcəyiniz Qız Qalası, Muğam, Sahil, Xəzər və Bulvar tribunaları var.
Bu düzlük geridə qoyduğumuz 4 ildə bir çox maraqlı hadisələrə şahidlik edib. Lakin xüsusilə 2017-ci ildə Bottasın məhz son metrlərdə Ləns Strollu keçərək ikinci olmasını qeyd etmək yerinə düşər. Ümumiyyətlə, start və finişi, həm də komanda qarajlarını görmək üçün Abşeron tribunası çox yaxşı yerdə yerləşir.
Bizi bu gözəl və əvəzedilməz trasda ən azı daha 4 yarış gözləyir. Əminəm ki, 4 il sonra yenidən belə yazı yazmaq üçün cəhd etdikdə, yazının həcmi indikindən azı 2 dəfə çox olacaq. Çünki Bakı Şəhər Halqası hər an sürprizlər etməyə və təəccübləndirməyə qadirdir!