1996-cı ilin dünya çempionu Deymon Hill hesab edir ki, düz yollarda maşının havaya qarşı müqavimətini aşağı salan DRS sistemi taktiki cəhətdən yarışları daha maraqlı edib. Hərçənd, statistikaya əsasən, keçən il baş verən ötmələrin 50%-dən azı DRS-in köməyi ilə reallaşdırılıb…
Deymon Hill: “Düşünürəm ki, DRS maraqlı qurğudur, çünki DRS zonasında rəqibin arxasında olan sürücü birdən-birə sürət üstünlüyü qazanır və gözlənilmədən ötmə edə bilər, bu an tamaşaçılar da narahat olurlar. Keçən il biz gördük ki, sürücülər əks-hücum edərək mövqelərini geri qaytara bilirlər, deməli, DRS sayəsində həqiqətən həm mövqeyi itirmək, həm də qazanmaq olur.
Bizim idmanda maşınların sürəti asfalta yatma qüvvəsindən asılıdır, bu, maşının konstruktiv xüsusiyyətlərindən irəli gəlir, bu qüvvəni qanadlar yaradırlar, ona görə də döngələrdə mübarizə azalıb, amma azarkeşlər trasın hər bir yerində mübarizə görmək istəyirlər…”