Dennis MP MotorSport-un sevincini ikiqat artırıb

Bu gün Melburnda gənc sürücülərin Formula2 çempionatında mövsümün üçüncü mərhələsi qısa (sprint) yarışla davam edib.

F-1.az xəbər verir ki, qısa yağışdan sonra tras tam qurumamış start sahəsinə yollanan mövsümün lideri Ralf Boşunq və Enzo Fittipaldi divara çırpılaraq yarış başlamamış mübarizədən kənar qalıblar. Buna görə də start 5 dəqiqə ləngiyib.

Reversiv qaydaya görə pouldan start alan Dennis Hauqer ilk döngələrdə liderliyini qoruya bilib. Dünən poul qazanmış Ayumu İvasanın maşınında təkər deşilib və yaponiyalı sürücü boksa yollanmalı olub.

Peletonda hər bir mövqe uğrunda sərt mübarizə gedib. Zeyn Məloni və Viktor Marten, Artur Lekler və Kuş Maini arasında mübarizə azarkeşlərə maraqlı anlar yaşadıb.

13-cü dövrədə Zeyn ağlasığmaz manevrlə Marteni keçərək 5-ci yerə yüksəlib. Cək Duhənlə Xuan Manuel Korreanın mübarizəsi isə yerli azarkeşlərin sevimlisinin yerində fırlanaraq mübarizəni dayandırması ilə nəticələnib. Təhlükəsizlik Maşını (TM) trasa daxil olub.

Elə bundan sonra trasa yağış yağmağa başlayıb. Pit leynin girişinə yaxın olan sürücülər dərhal təkər dəyişməyə gediblər – amma yağış tezliklə dayanıb və yağış təkərinə keçən bəzi sürücülər yenidən quru təkərlərə qayıdıblar.

Yarışa restart verildikdən sonra ilk 10-luqda vəziyyət stabilləşib və Dennis Hauqer mövsümdə ilk qələbəsini bayram edib. Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP Motorsport komandası F3 qələbəsindən sonra bu gün F2 qələbəsini də bayram edib.

Podiumu isə iki debütant – Cək Krouford və Kuş Maini tamamlayıblar.

Sabah baş tutacaq əsas yarışla Avstraliya mərhələsinə yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*