Debütant Rossinin komandasına ilk poul qazandırıb

Bu gün MotoGP çempionatında mövsümün 17-ci mərhələsi Tailand Qran Prisinin sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, Buriram şəhərinin Çanq Beynəlxalq Avtodromunda keçirilən sessiyada sensasiya qeydə alınıb – çempionatın debütantı olan Marko Bezzekki debütant komanda VR46-ya tarixin ilk poulunu qazandırıb.

Ducati-nin törəmə komandası olan VR46 yeddiqat dünya çempionu Valentino Rossiyə məxsusdur. Son cəhdində Marko Ducati-nin digər törəmə komandası Pramac-dan Xorxe Martini 0.021 saniyə qabaqlayıb. Ducati-nin zavod komandasının sürücüsü Françesko Banyaya isə bu dəfə ilk cərgəni tamamlayıb.

Mövsümün lideri Yamaha-dan Fabio Kuartararo titul uğrunda mübarizədə əsas rəqibi Banyayadan çox geri qalmayıb – fransalı son dünya çempionu sabahkı yarışa 4-cü yerdən başlayacaq.

Növbəti 3 yeri də Ducati-nin sürücüləri tutublar – zavod komandasının sürücüsü son yarışın qalibi Cək Miller Pramac-dan Joan Zarko və Gresini-dən Enea Bastyanininin arasında yer alıb.

Altıqat dünya çempionu Mark Markes bu dəfə 8-ci olub. Üçüncü cərgəni isə Bezzekkinin komanda yoldaşı Luka Marini tamamlayıb.

Qeyd edək ki, MotoGP-də tarixi hadisə yaşanıb – mövsümün 17 sıralanma turunda 10 fərqli sürücü poul qazanıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*