Debütant mövsümdə ilk qələbəsini qazanıb

Dünən gecə okeanın o tayında - Lonq Biçdə daha bir yarış baş tutub: bu dəfə İndyCar çempionatının iştirakçıları mövsümün 3-cü yarışında güclünü müəyyən ediblər.

F-1.az xəbər verir ki, dar və çətin konfiqurasiyası olan şəhər trasında ötmə etmək çox çətindir, ona görə də belə traslarda sıralanma turu müstəsna əhəmiyyət kəsb edir.

Pouldan start alan Andretti komandasının gənc sürücüsü Kayl Körkvud 85 dövrə ərzində heç bir səhvə yol verməyərək debüt ilində karyerasının ilk qələbəsinə sevinib.

Onun komanda yoldaşı Roman Qrojan yanacaq azlığı səbəbindən son dövrələrdə mövqeyini digər keçmiş F1 sürücüsü Markus Erikssondan qorumalı olub. Amma sınmış ön qanadla isveçli sürücü ötmə edə bilməyib və cütlük elə bu ardıcıllıqla da podiumu tamamlayıb.

Beləliklə, Andretti AutoSport komandası Lonq Biçdə dubla imza atıb – maraqlıdır ki, komandanın qurucusu Mario Andretti 1986-cı ildə İndyCar-da ilk qələbəsini məhz Lonq Biçdə qazanmışdı.

Bugünkü podiumdan sonra Markus Eriksson çempionatda liderliyi ələ alıb – isveçli sürücü McLaren-dən Pato O Vardı 15 xal qabaqlayır.

Növbəti dəfə çempionat iştirakçıları aprelin sonunda Alabamada əfsanəvi Barber Motorsports Park avtodromunda bir araya gələcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*