F-1.az xəbər verir ki, bu gün iştirakçılar əd Duvadimidən əs Salamiyaya yollanıblar. Onlar 733 km-lik məsafənin 438 km-də sürətli sahədə mübarizə aparıblar.
Motosikletlərin yarışında Honda-nın üstünlüyü davam edir. Bu dəfə qələbəyə KTM Red Bull-dan Kevin Benavides finişdə birinci olsa da, Honda-nın sürücüləri sonrakı 5 yerdə qərarlaşıblar. Ümumi hesabda ilk üçlükdə dəyişiklik olmayıb və Ross Branç liderliyini möhkəmlədib.
Maşınların yarışında mübarizə çox maraqlı alınıb və son kilometrlərdə ilk üçlük formalaşıb. Uzun müddət mərhələyə başçılıq edən sonuncu çempion Nasser əl-Attiyanın arxa təkəri partlayıb. Onu dəyişdirməyə vaxt sərf etmək istəməyən qətərli sürücü finiş xəttini 3 təkər üzərində keçib, amma podiumu əldən verib. Qələbəyə isə Toyota-nın gənc braziliyalı sürücüsü Lukas Morayeş sevinib. Ümumi hesabda da lider dəyişib – yerli sürücü Yezid ər-Raci protokollarda ilk sətrə yüksəlib.
Yüngül maşınların yarışında Qoçallar ilk problemlə üzləşiblər. Mərhələdə qələbəyə ABŞ-dən olan Mitçel Qutri sevinib – Erik və atası Marek Qoçallar podiumu tamamlayıblar. Erikin əmisi Miçel isə problemlə üzləşib və 2 saatadək vaxt itirməli olub. Nəticədə Qutri ümumi sıralamada Erik və Marekdən sonra 3-cü yerə yüksəlib.
Baqqilərin yarışında yerli sürücü Yasir Zeydan qələbəyə sevinsə də, ümumi hesabda braziliyalı Qerard Quellin liderliyi davam edir. İkinci olan xanım sürücü Sara Prays liderə 15 dəqiqə uduzur.
Yük maşınlarının yarışında da lider dəyişib. Əfsanəvi Aleş Loprays bu gün mərhələdə qələbə qazanmaqla protokolların ilk sətrini ələ keçirib. İlk iki mərhələdə fərqlənən niderlandlı Yanus van Kasteren Aleşə 3 dəqiqə uduzur.
Kvadrosiketlərin yarışında da lider dəyişib. Mərhələdə qələbəyə əfsanəvi Aleks Jiru sevinsə də, ümumi hesabda Yuray Varqa liderliyi ələ alıb.
Sabah iştirakçılar dördüncü mərhələyə yollanacaqlar.