F-1.az xəbər verir ki, bu gün iştirakçılar əl Henakiyadan əd Duvadimiyə yollanıblar. Onlar 655 km-lik məsafənin 463 km-də sürətli sahədə mübarizə aparıblar.
Motosikletlərin yarışı Honda-nın üstünlüyü ilə keçib, bu texnikada yarışan sürücülərdən altısı ilk onluğa düşüb. Finişdə Xose İqnasio Kornexo Florimo birinci olsa da, ümumi hesabda Ross Brançın liderliyi davam edir.
Maşınların yarışında marafonun əfsanəsi Stefan Peteransel (Audi) 50-ci qələbəsini qazanıb – fransalı veteran həmyerlisi Sebastyen Löbü yarım dəqiqə qabaqlayıb. Ümumi hesabda isə digər veteran Karlos Sayns (Audi) liderliyi ələ alıb. Qeyd edək ki, Stefan Dakar tarixində ən çox qələbə qazanan Ari Vatanenə çatıb – Dakarın ikiqat qalibi əfsanəvi finlandiyalı sürücü keçən əsrdə bu göstəriciyə çatan ilk və yeganə sürücü idi.
Yüngül maşınların yarışında Qoçalların dominatlığı davam edib. 19 yaşlı Erik yenə finişdə birinci olub və əmisi Mixalı qabaqlayıb. Ümumi hesabda da Erik Mixalın önündədir, Erikin atası Miçel isə 3-cüdür.
Baqqilərin yarışında qalib son metrlərdə müəyyən olunub – ispaniyalı Farres Guel fransalı Xavyer de Solyeri 5 saniyə üstələyə bilib. Ümumi hesabda da Farres liderliyə yüksəlib.
Yük maşınlarının yarışında Yanus van Kastern növbəti qələbəsini qazanıb və ümumi hesabda liderliyini möhkəmlədib. Finişdə 2-ci olan əfsanə Aleş Loprays ümumi hesabda da ikinciliyə yüksəlib.
Kvadrosikletlərdə isə Marselo Medeyros növbəti qələbəsi ilə ümumi hesabda liderliyini möhkəmlədib.
Sabah iştirakçılar üçüncü mərhələyə yollanacaqlar.