Dakar-2023: Yezid ər-Raci ilk qələbəsini qazanıb, Audi isə son maşınını da itirib

Bu gün marafon geriyə, şimala əd-Duvadimiyə qayıdıb. Hava şəraiti təşkilatçıların işinə ciddi əngəl olub və dünən ən uzun sürətli sahə iki dəfə qısaldıqdan sonra bu gün daha bir qısa sahə xəritəyə əlavə olunub.

F-1.az xəbər verir ki, sürücülər gücünü 333 km-lik sürətli sahədə sınayıblar.

Dünən axşamdan elan olunmuşdu ki, bu gün kvadrosikletçilər və motosikletçilər dincələcəklər – son günlərin ağır yarışları idmançıları həddən ziyadə yorub və ikinci həftədən əvvəl əlavə istirahət günü onlar üçün göydəndüşmə mükafat olub.

Marşruta öndə maşınlar yollanıblar – ilk məntəqələrdə Prodrive-dan Girlen Şişeri liderliyi ələ alıb. Audi-dən yarışda qalan yeganə sürücü Mattias Ekström onu sıx təqib edib.

İsveçli sürücü 196-cı km-də yerləşən nəzarət məntəqəsində nəhayət rəqibinin önünə keçib və… bir neçə metrdən sonra daş parçasının üzərindən keçməklə Audi-nin yenə də arxa sol tərəfini dağıdıb. Tezliklə ona yetişən Karlos Sayns (artıq yarış onun üçün başa çatıb) komanda yoldaşına kömək edib və düz 3 saatdan sonra komanda yoldaşları yola düzələ biliblər.

Bu hadisədən sonra yerli sürücü Yezid ər-Raci liderliyi ələ alıb və finişə qədər anacq üstünlüyünü artırmağa çalışıb. Finişdə Belçikanın Overdrive komandasını təmsil edən səudiyyəli Vaydotas Zalanı 9 dəqiqə qabaqlayıb. Şişeri isə litvalı sürücüyə bir dəqiqədən çox uduzub.

Marafonun lideri Nasser əl-Əttiyah bu gün heç hara tələsməyib, finişdə yalnız 14-cü olan qətərli sürücü qeyd edib ki, elə əvvəldən texnikanı qorumaq və sabahkı vacib günə saxlamağı düşünübmüş.

Artıq 7-ci mərhələdən sonra Nasser komanda yoldaşı Henk Lateqanı bir saatdan çox qabaqlayır. Overdrive komandasının Toyota Hilux-la yarışan digər sürücüsü Lukas Morayes 10 dəqiqə sonra 3-cüdür. Toyota-nın zavod komandasının 3-cü sürücüsü Jinyel de Vilyers isə 25 dəqiqə geridən podiuma düşməyə çalışır.

İlk dörd yeri zəbt etmiş Toyota-ları ən yaxından Sebastyen Löb təqib edir – ralli əfsanəsi hazırda de Vilyersə 17 dəqiqədən çox uduzur.

Maşınlardan sonra finişə ağır baqqilər çatıblar – Rokas Batsyuşka marafonda 3-cü qələbəsini bayram edib. Bütün yolboyu litvalı sürücü rəqiblərinə heç bir şans verməyib. Finişdə Can-AM zavod komandasının sürücüsü Kristianu Batistanı bir, Yesir Seydanı isə 3 dəqiqə qabaqlayıb.

Bu qələbə sayəsində Rokas marafonda liderliyi də özünə qaytarıb – Rodriqu Luppi de Oliveyra bu gün çox zəif çıxış edib və nəinki liderliyini itirib, yekunda 6-cı yerə geriləyib. Ona görə də indi Rokası marafonda Qoçallar ailəsi təqib edir – Marek liderə təxminən 6 dəqiqə uduzur, oğlu Erik isə daha 40 saniyə geridədir.

Yüngül baqqilərin mübarizəsində isə Mitçell Qatri növbəti qələbəsinə sevinib. Finişdə amerikalı sürücü çilili Fransisko Lopes Kontardonu və portuqaliyalı Xuan Ferreyranı təxminən iki dəqiqə qabaqlayıb.

Set Kintero qalibə 3, Ostin Cons və Giyom de Mevyus isə təxminən 8 dəqiqə uduzublar.

Bu 3 sürücü tərs ardıcıllıqla ümumi sıralamada podiumu təşkil edirlər – Giyom Ostini 8 dəqiqədən çox qabaqlayır. Set isə bir saatdan çox geri qalır…

Və sonda ənənəvi olaraq yük maşınları mübarizəni başa vurublar. Bu dəfə qələbəyə niderlandlı Yanus van Kasteren sevininb. İveco sürücüsü marafonda əsas rəqibi Aleş Lopraysı təxminən 4 dəqiqə qabaqlayıb. Marafonda qələbəyə namizəd olan digər niderlandlı Martin van den Brink isə bu dəfə üçüncü olub.

Aleş dünən Martinin cəriməsindən sonra liderliyi özünə qaytardığı və bu gün onu qabaqladığı üçün fərqi bir qədər artırıb. Hazırda çexiyalı sürücü rəqibini düz 3 dəqiqə qabaqlayır. Yanus isə həmyerlisinə 20 dəqiqə uduzur.

Finişə çatan bütün sürücülər (hətta bu gün yarışmayan motosikletçi və kvadrosikletçilər də) texniki zonaya keçiblər. Burada onların maşınları üzərində 2 saat ərzində mexaniklər işləyiblər. Bundan sonra sürücülər mexaniklərsiz bivuaklara yollanıblar, mexaniklər isə ər-Riyada qayıdıblar. Onlar bir də maşın üzərində istirahət günündən sonra işləyə biləcəklər.

Sürücülər isə sabah əd-Duvadimidən yenidən ər-Riyada qayıdacaqlar. Sürətli sahənin uzunluğu 346 km olsa da, relyef bugünkündən fərqli olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*