Dakar-2023: Sebastyen Löb ilk qələbəsini qazanıb

Bu gün Dakarda proloqdan sonra 4-cü mərhələ arxada qalıb. Əfsanəvi marafonun iştirakçıları builki marşrutun ən şimal nöqtəsinə baş vurublar.

F-1.az xəbər verir ki, dünənki güclü yağışdan sonra səhər start sual doğursa da, bu gün hava sürücülərin işinə müdaxilə etməyib. Ümumi uzunluğu 573 km olan marşrutun 475 km-lik hissəsində sürücülər mübarizə aparıblar.

Kvadrosikletçilərin yarışında Aleksandr Jiru növbəti qələbəsini bayram edib. Fransalı sürücü bu il heç kimə qələbə dadmağa imkan verməyib. Bu dəfə onunla podiumu Manuel Anduxar və litvalı Lasvidas Kantsius bölüşüblər.

Ümumi sıralamada isə ardıcıl 5-ci qələbəsindən sonra Jirunun üstünlüyü 47 dəqiqəyə çatıb. İkinci yerdə olan Fransisko Moreno Flores isə Anduxarı 21 dəqiqə qabaqlayır…

Motosikletçilərin yarışında isə Xoan Barreda Bort hələ qocalmadığını sübut edib.

Bugünkü mərhələnin finişə yaxın hissəsi tam səhra qumları olduğu üçün sürücülərdən böyük təcrübə tələb edib. Xoan 2011-ci ildən marafonda iştirak edir və son 10 ildə hər il ən azı bir qələbə qazanır. Məhz bu təcrübə sayəsində ispaniyalı son metrlərdə qələbəsini rəsmiləşdirib.

Startdan isə liderliyi əvvəlcə Adrien van Beveren ələ alıb, yarışın ortasında uzun müddət Meyson Kleyn ilk sətri zəbt edib, finişə 50 km qalmış Pablo Kintanilya irəli çıxıb. Amma finişdə çilili sürücü Xoana cəmi 16 saniyə uduzub.

Podiumu isə Skayler Haus tamamlayıb – amerikalı sürücü liderə 1 dəqiqədən çox uduzub.

Daniel Sanders bu gün 8-ci olsa da, ümumi sıralamada liderliyini qoruya bilib. Avstraliyalı sürücü ikinci yerdə olan Skayleri 3.5 dəqiqə qabaqlayır…

Maşınların yarışında da təcrübə öz sözünü deyib – finiş də daha sıx alınıb.

Yarışın böyük bir hissəsində Dakarın əfsanəsi Stefan Peteransel liderlik edib – marafonun 14 qat qalibi rəqiblərinə şans verməyib. Sadəcə finişə yaxın yəqin yorulduğundan, ya da rahatladığından, ya da maşında yaranan hansısa problem üzündən böyük üstünlüyü əriməyə başlayıb.

Bu fürsətdən başqa bir əfsanə – Sebastyen Löb tam yararlanıb və finişdə həmyerlisini cəmi 13 saniyə qabaqlaya bilib. Podiumu isə Peteranselin komanda yoldaşı Karlos Sayns tamamlayıb. Toyota-dan Nasser əl-Əttiyah bu gün 4-cü olub.

Amma buna baxmayaraq Nasser marafonda liderliyini daha da möhkəmlədib – qətərli sürücü bu gün səudiyyəli Yezid əl-Racini 5 dəqiqə üstələdiyi üçün fərqi 18 dəqiqəyə çatdırıb. Bugünkü podium sayəsində Peteransel Yezidə çatıb – sürücüləri 34 saniyə ayırır.

Karlos Sayns isə 4-cü yerə yüksəlib, amma Nasserə hələ də 33 dəqiqə uduzur. Löb isə bugünkü qələbə sayəsində 28-ci yerdən 14-cü yerə yüksəlib, lakin liderə saatyarımdan çox uduzur…

Yüngül baqqilərin yarışında amerikalı Mitçell Qatri ikinci qələbəsini qazanıb və ümumi sıralamada liderliyi geri qaytarıb.

Finişdə Qatri portuqaliyalı Xono Fereyranı və belçikalı Giyom de Mevyusu təxminən 6 dəqiqə qabaqlayıb.

Günə marafonun lideri qismində başlayan Set Kintero isə ciddi problemlərlə üzləşib və Qatridən saatyarım sonra finişə çata bilib. Ona görə də liderliyə Qatri yüksəlib və hər yarışı stabil podiumda başa vuran Giyomu cəmi dəqiqəyarım qabaqlayır.

Keçənilki çempion Ostin Cons həmyerlisinə 11.5 dəqiqə uduzur. Kintero isə Qatrinin 1 saat 21 dəqiqə gerisindədir…

Ağır baqqilərin yarışında isə Qoçallar ailəsi daha bir qələbə rəsmiləşdirib – 18 yaşlı Erik marafonda 2-ci qələbəsinə sevinib.

Erik finişdə ispaniyalı Jerar Farres Gueli 3.5 dəqiqə və əmisi Mixal Qoşalı 7 dəqiqə qabaqlayıb.

Dünən marafonda liderliyi ələ alan Erikin atası Marek mərhələnin əvvəlində problem yaşayıb və saatyarımdan sonra yola düşə bilib. Amma finişdə Marek oğluna cəmi 46 dəqiqə uduzub.

Proloq və 4 mərhələdən sonra ümumi sıralamada lider yenə dəyişib. Bu dəfə braziliyalı Rodriqu Luppi de Oliveyra liderliyə yüksəlib. Erik ikincidir və liderə 14 dəqiqə uduzur. Rokas Batsyuşka 3-cüdür, dünənki lider Marek 4-cü yerə düşüb (+28:39), Mixal isə 6-cıdır (+36:59)…

Yük maşınlarının yarışında isə İveco-nun sürücüsü Martin Matsik proloqla birlikdə artıq 4-cü qələbəsini qazanıb. Finişdə çexiyalı sürücü niderlandlı Miçel van der Brinki və həmyerlisi Aleş Lopraysı təxminən 9 dəqiqə qabaqlayıb.

Bu qədər qələbələrə baxmayaraq, Martin ümumi sıralamada 4-cüdür və Praga ilə marafona başçılıq edən Lopraysa 40 dəqiqə uduzur. Aleş ikinci yerdə olan van der Brinki 27, üçüncü olan Yaroslav Vatrı isə 28 dəqiqə qabaqlayır…

Sabah isə iştirakçılar yenə də Hail ətrafında ilmə vuracaqlar, amma bu dəfə şimala yox, şərqə gedəcəklər. Bu dəfə 646 km-lik yolun təxminən yarısı – 375 km-i mübarizə üçün ayrılıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*