Dakar-2023: Sayns hamıdan sürətlidir, amma Löb qalibdir

Bu gün marafon əd-Duvadimidən geriyə - paytaxt ər-Riyada qayıdıb. Uzun bir yolun yalnız 345 km-lik hissəsi mübarizə üçün ayrılıb.

F-1.az xəbər verir ki, sabah istirahət günü olduğu üçün sürücülər macəra yaşamadan finişə çatmağa çalışıblar.

Birgünlük istirahətdən sonra kvadrosikletçilər starta çıxıblar. Argentinalı Manuel Anduxar ardıcıl ikinci dəfə hamını qabaqlayıb – marafonun lideri Aleksandr Jiru bu dəfə əsas rəqibinə 2 dəqiqə uduzub. Maraqlıdır ki, Jiru 4-cü mərhələdən sonra qələbə üzünə həsrətdir. Bu gün podiumu braziliyalı Marselu Medeyros 12 dəqiqəlik fərqlə tamamlayıb.

Ümumi sıralamada Jiru inamla liderliyini davam etdirir, Anduxar artıq ikincidir, amma fərq böyükdür – 1 saat 42 dəqiqə. Pablo Kopetti isə üçüncüdür.

Motosikletçilər də birgünlük fasilədən sonra mübarizəyə qayıdıblar və dərhal da sürpriz yaşanıb.

Botsvanalı Ross Branç ilk dəfə qatıldığı Dakar marafonunda mərhələnin qalibi olub – Ross finişdə Meyson Kleyn və Daniel Sandersi qabaqlaya bilib. Meyson finişdən sonra +2 dəqiqəlik cərimə (sürət həddini aşdığı üçün) aldığına görə Daniellə yerini dəyişib.

Ümumi sıralamada isə vəziyyət çox gərgindir. Skayler Hausun liderliyi davam etsə də, Kevin Benavides və Meyson ona cəmi 13 saniyə uduzurlar.

Ümumiyyətlə, turnir cədvəlində ilk 6 sürücü 3 dəqiqənin içindədir. Yəni gələn həftə bu kateqoriyada qələbə uğrunda ciddi mübarizə davam edəcək…

Təəssüf ki, maşınların yarışında mübarizədən əsər-əlamət yoxdur. Ona görə də mübarizə formal statistik xarakter daşıyır.

Bu gün Audi-dən mübarizəyə qatılan (marafonda mübarizə komandanın hər 3 sürücüsü üçün başa çatıb) yeganə Karlos Sayns finişdə birinci olsa da, qadağan olunmuş zonada sürət həddini aşdığı üçün +5 dəqiqə cərimə olunub.

Nəticədə Sebastyen Löb marafonda 2-ci qələbəsini rəsmiləşdirib. Marafonun lideri Nasser əl-Əttiyah bu dəfə 2-ci olub, Sayns isə cərimədən sonra ilk üçlüyü tamamlayıb.

Ümumi sıralamada Nasserin komfort liderliyi daha da möhkəmlənib – qətərli sürücü komanda yoldaşı Henk Lateqanı 1 saatdan çox qabaqlayır.

Braziliyalı Lukas Motayes 17 dəqiqəlik fərqlə hələlik üçüncüdür. Löb isə bugünkü qələbə sayəsində artıq 4-cüdür və podiuma yarım saatdan çox uduzur.

Böyük ehtimalla gələn həftə Löb podiuma düşməyə çalışacaq, əgər imkan olsa, keçənilki nəticəsini də təkrarlaya bilər (2-ci yer).

Yüngül baqqilərin yarışında marafonun debütantı Xuan Fereyra ilk qələbəsini qazanıb. Braziliyalı sürücü finişdə əfsanəvi Fransisko Lopes Kontardonu cəmi 17 saniyə qabaqlayıb. Dünənki mərhələnin qalibi Mitçell Qatri bu dəfə podiumun son pilləsinə sahib çıxıb.

Belçikalı Giyom de Mevyus bu gün ilk onluğa düşə bilməsə də, marafonda istirahət gününə lider qismində yollanıb. Amma bu gün 4-cü olmuş Ostin Cons liderlə fərqi xeyli azaldıb – indi amerikalı sürücü liderə cəmi 3 dəqiqə uduzur. Set Kintero isə Giyomla fərqi 1 saatın altına sala bilməyib.

Ağır baqqilərin mübarizəsində isə bütün podiumu South Racing Can-AM komandasının sürücüləri tutublar.

Marafonda ilk qələbəsinə argentinalı Xeremias Qonsales Feryoli sevinib. Yerli azarkeşlərin sevimlisi Yesir Seydan ikinci olub və podiumda Jerar Farres Guelli 9 saniyə üstələyib.

Ümumi sıralamada Rokas Batsyuşkanın liderliyi davam edir – Qoçallar fərqi bir dəqiqə azaldıblar: Marek liderə təxminən 5 dəqiqə, oğlu Erik isə 6 dəqiqə uduzur.

Yük maşınlarının yarışında Martin Matsik növbəti qələbəsini qazanıb. Finişdə çexiyalı sürücü həm gənc Mitçell van der Brinki, həm də həmyerlisi Aleş Lopraysı qabaqlayıb.

İstirahət gününə Aleş marafonun lideri kimi yollanıb. Ümumi sıralamada Praga sürücüsünün İveco-dan Martin van der Brink üzərində üstünlüyü 16 dəqiqəni keçib. Daha bir İveco sürücüsü Yanus van Kasteren liderə 38 dəqiqə uduzur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*