Dakar-2023: Qızıl Bədəviləri paylamaq vaxtıdır

Dakar Rallisində final mərhələsi nadir hallarda qələbə uğrunda mübarizədə həqiqətən həlledici olur - təşkilatçılar xüsusi mərhələni qısa və nisbətən asan keçirməyə çalışırlar. Bu dəfə belə olmalı idi, amma iki kateqoriya bir anda azarkeşlərə sensasiya verdi...

F-1.az xəbər verir ki, ikihəftəlik mübarizə və qələbənin taleyi sözün əsl mənasında son kilometrlərdə həll olunub!

Xatırladaq ki, Dakar maarfonunda qaliblərə və mükafatçılara bədəvini xatırladan kubok təqdim olunur. Gəlin, kateqoriyalar üzrə bədəvi kubokların sahiblərinə nəzər salaq.

Moto- və kvadrosikletlər: iki nöqtə qalibi müəyyənləşdirib

Motosiklet sıralamasında inanılmaz intriqa Kevin Benavidesin qələbəsi ilə həll olundu. Xüsusi mərhələnin başlanğıcında Tobi Praysın argentinalı üzərində üstünlüyü 12 saniyə idi, birinci nəzarət nöqtəsində Kevin bu fərqin hamısını geri qaytardı və ikinci nəzarət nöqtəsində o, hətta bir dəqiqə yarım fərqlə irəli çıxdı. Lakin Prays təslim olmadı və finiş xəttinə çatmazdan əvvəl son nöqtədə yarışın iki liderini 77 saniyə ayırırdı. Tobi hücuma davam etdi və daha yarım dəqiqə qaytara bildi, lakin Benavides birinci qaldı – ikihəftəlik mübarizədən sonra eyni komandanın iki motosikletçisini cəmi 43 saniyə ayırdı …

Kvadrosikletçilərin sıralamasında yarış daha prozaik şəkildə başa çatdı: Aleksandr Jiru 43 dəqiqəlik üstünlüyünü finişə daşıdı və ardıcıl ikinci dəfə qalib gəldi. Fransisko Moreno Flores də ardıcıl ikinci dəfə ikinci yeri tutdu, Pablo Kopetti isə marafonun bürünc mükafatçısı oldu.

Maşınlar: Əl-Əttiyahın beşinci titulu

Yolsuzluq yarışlarında da sürpriz olmadı: hamını bir saatdan çox qabaqlayan Nasser Əl-Əttiyah ardıcıl ikinci ildir ki, planetin ən güclüsüdür və Dakarda beşinci qələbəsini rəsmiləşdirdi.

Yekun təsnifatda ikinci yeri Sebastyen Löb qazandı, bu, onun üçün Dakar Rallisində dördüncü top-3-lükdür. Son xüsusi mərhələdə fransalı ən sürətli olmadı, ona görə də onun qələbə seriyası altı mərhələdə dayandı, lakin ümumilikdə o, marafonda yeddi dəfə qalib gəldi – əvvəlki üç Dakarın cəmindən daha çox. Beləliklə, 2024-cü ildə artıq rallidə təcrübəli Sebin çox təhlükəli rəqib olacağı şübhəsizdir.

Lukas Moraes Overdrive Toyota komandasında yarışı üçüncü yerdə başa vurdu, Əl-Əttiyahın Toyota Gazoo Racing komanda yoldaşları Jinyel de Vilyers və Henk Lateqan isə ilk 5-liyi tamamladılar. Beləliklə, ilk beşlikdə dörd yeri yapon brendinin ekipajları tutdu. Qeyri-adi Ford Raptor-la Martin Prokopun altıncı yerini xüsusi qeyd etmək lazımdır.

Yüngül baqqilər (T3): Yenə də Ostin Cons

T3 sinfində dram yaşanmadı – bütün pelotonu inamla qabaqlayan Ostin Cons problemsiz finişə çatdı və ardıcıl ikinci Dakar qələbəsini qazandı. Qeyd edək ki, amerikalı bu yarışda debütünü 2020-ci ildə edib, ona görə də hazırda Ey-Cey marafon startlarının yarısını qazanıb.

İkinci yeri proqnozlaşdırıldığı kimi Set Quintero, üçüncü yeri isə Giyom de Mevyus tutdu – belçikalı uzun müddət marafona liderlik etsə də, iki gün əvvəl texniki problemlərə görə vaxt itirmiş və liderliyi Ostinə vermişdi. Dördüncü yeri isə keçən il bu sinifdə üçüncü olan ispaniyalı Kristina Qutyerres tutdu.

Seriya baqqilər (T4): debütantın zəfəri və Batsyuşkanın ən qorxulu kabusu

Final mərhələsində ən dramatik hadisələr modernizə olunmuş ağır seriya baqqilərin (T4 sinfi) mübarizəsində baş verdi. Yeddinci mərhələdən Rokas Batsyushka bu sinifdə liderliyi ələ almış, son mərhələyə isə 3 dəqiqəlik ütsünlüklə yollanmışdı və hətta son xüsusi mərhələdə litvalı sürücü əsas təqibçilərindən uzaqlaşırdı. Birinci nəzarət nöqtəsində o, Erik Qoçaldan dörd dəqiqə, ikincidə isə demək olar ki, yeddi dəqiqə sürətli idi. Erik 3-cü nöqtədə bir az sürətini artırsa da, yenə də beş dəqiqə uduzurdu.

Son km-lərdə isə Batsyuşkanın maşınında kardan valı dözmədi… Buna baxmayaraq, Rokas finişə çatdı, lakin 20 dəqiqədən çox uduzdu və nəticədə qələbə Erik Qoçala çatdı – builki Dakarın debütantına! Maraqlıdır ki, Erikin atası Marek ümumi sıralamada 3-cü, əmisi Mixal isə 6-cı oldu.

Yük maşınları: İveco-nun yeddi ildən sonra ilk qələbəsi

Son mərhələdə yük maşınlarının mübarizəsində də intriqa yox idi, baxmayaraq ki, təşkilatçılar bunu az qala yaratmışdılar! Yanus van Kasteren rəqiblərindən ayrılaraq rahat templə qələbəyə doğru irəliləsə də, ikinci yerdə qərarlaşan Martin Matsikə böyük cərimə gəlmişdi. Sonradan məlum oldu ki, penalti səhvən meydana çıxıb, cərimə silindi və çex mübarizəni ikinci yerdə tamamladı. Üçüncü və dördüncü yerləri ata və oğul Martin və Mitçel van den Brinklər tutdular, əfsanəvi Yaroslav Valtr isə ilk 5-liyi tamamladı.

Beləliklə, 45-ci Dakar marafonu da başa çatdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*